"Hər birimiz bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində, ölkə prezidentləri tərəfindən aparılır. Lakin "Ermənistan-Azərbaycan Sülh Platforması"nın sülh məsələsinin həlli istiqamətində edə biləcəyi iş erməni və azərbaycanlılar arasında olan ünsiyyətin mümkünlüyünü ortaya qorumaqdan ibarətdir". Bunu SİA-ya açıqlamasında "Ermənistan-Azərbaycan Sülh Platforması"nın üzvü, millət vəkili Rövşən Rzayev deyib."Bilirsiniz ki, terrorçu qüvvələrin rəhbərləri olan Sarkisyan və Koçaryan erməni və azərbaycanlılar arasında etnik uyğunsuzluğun olması ilə bağlı fikir irəli sürüblər. Təbii bütün bunlar dünya ictimaiyyətinə hesablanan və terrorçu düşüncədən irəli gələn fikirlərdir. Əslində isə həmin bölgədə həm erməni, həm də azərbaycanlı icmasının üzvləri yaşayıblar və indi də yaşaya bilərlər. Bizim hazırkı fəaliyyətimiz də məhz bununla bağlıdır"- deyə, deputat bildirib. Millət vəkili söyləyib ki, platformanın yaranmasında qısa müddət keçməsinə baxmayaraq, artıq Ermənistanın bir neçə politoloqu, jurnalistləri, yazarları və düşünən insanları platformaya qatılmaqla bağlı öz mövqelərini bildiriblər: "Təbii ki bu proses davam edəcək. Mən əminəm ki, platformaya qoşulacaq insanların sayı 100 minlərlə olacaq. Çünki, heç bir normal düşüncəli insan müharibənin müsbət olduğunu deyə bilməz. Beləliklə Sarkisyan rejiminin ətrafında olan və müharibənin tərəfdaşları olanların sayı azaldıqca biz öz səsimizi dünya ictimaiyyətinə daha möhkəm səsləndirə biləcəyik. Bununla insanlar arasında xoş münasibət yaranacaq, sülh müqaviləsi bağlandıqdan sonra daha tez və uğurlu birgə həyat tərzi sürmək kimi imkanlar açılacaq".R. Rzayev qeyd edib ki, Ermənistanda yaşayan insanların vəziyyəti həddindən artıq ağır, iqtisadi durumları çox pisdir: "Ermənistanın inkişaf perspektivləri yox dərəcəsindədir. Eyni zamanda Dağlıq Qarabağı işğal edən bir qrup adam Ermənistanın siyasi hakimiyyətini də zəbt ediblər. Bunu düşünən ermənilər görür və açıq şəkildə danışırlar. Bütün bunlarla Dağlıq Qarabağ klanının erməniləri Ermənistanı məhvə aparırlar və öz dövlətinin qayğısına qalan ermənilər başa düşürlər ki, müharibə yolunun heç bir perspektivi ola bilməz. Ona görə də platformaya qoşulan ermənilər həm bu günlərinin, həm də gələcəklərinin mübarizəsinə qalxıblar. Onlar anlayırlar ki, müharibə düşünən insanlar heç zaman öz dövlətinə və vətəndaşına uğurlu yol göstərə bilməzlər. Bu baxımdan düşünürəm ki, platformaya qoşulan ermənilərin sayının çox olması öz rəhbərlərinə təsir mexanizmlərini gücləndirə bilər".R. Rzayev əlavə edib ki, platforma çərçivəsində bir neçə ölkədə görüşlərin keçirilməsi nəzərdə tutulur.
yap.org.az