"İLLÜZİYALARA QAPILIRSINIZ"
Vadim Dubnov: "Moskva heç vaxt Azərbaycanla qarşıdurmada Yerevana kömək etməyəcək"
Nikolay Bordyujanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postundan uzaqlaşdırılmasının ardınca, Ermənistanda hələ də bununla bağlı təlaşlı müzakirələr davam edir. Belə ki, ölkə mediası istefaya göndərilmiş Bordyujanın yerinə onun müavini Valeri Semerikovun müvəqqəti baş katib təyin edilməsindən sonra KTMT-yə Ermənistanın rəhbərlik etməsinin nəyə görə təxirə salınması məsələsi üzərində dayanıb. Hətta bununla bağlı rusiyalı ekspertlərin də rəyi öyrənilib. Lakin buna baxmayaraq, erməni mediası burada da istədiyi cavabı tapa bilməyib.
Ermənistanın 1.in.am saytı "Exo Kavkaza" və "Radio Svoboda" (Praqa) radiosunun siyasi şərhçisi Vadim Dubnovdan müsahibə alaraq, ona erməniləri narahat edən sualları ünvanlayıblar. Erməni saytına müsahibə verən siyasi ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
SİA həmin müsahibəni oxucularına təqdim edərək, onu şərh şəklində diqqətə çatdırır.
"Biz bundan sonra da KTMT-də mənasız, lakin maraqdoğurucu rəqabətləri müşahidə edəcəyik"
Beləliklə, KTMT-nin bundan sonrakı fəaliyyəti və funksiyası, o cümlədən, üzv ölkələrin aşkar fikir ayrılıqları barədə verilən sualı cavalandıran Dubnov deyib ki, bundan sonra da KTMT-dəki üzv ölkələr arasındakı üstünlük əldə etmək rəqabətinin olacağını istisna etmir və KTMT, yoxsa Avrasiya İttifaqı məsələsi də artıq mənasız bir faktora çevrilib.
Ermənilərin KTMT-yə rəhbərlik növbəsinin çatmasına baxmayaraq, üzv ölkələrin buna razılıq verməməsinə gəlincə, Dubnov bildirib ki, Moskvanın erməni hərbi nümayəndəsinin KTMT-nin baş katibi postuna təyin edilməsini istəməməsi aydın məsələdir və Moskvanın bunun üçün nə isə axtarıb-tapacağı da məlum idi.
"Hətta deyilənə görə, bəzi konspiroloqlar erməni həbrçisinin təyin olunmaması ilə bağlı Lukaşenko ilə müəyyən razılığın əldə edildiyi amilini irəli sürsələr də, mən belə fikirləşmirəm ki, bu iddia, həqiqətən də, belədir"-deyə rusiyalı siyasi şərhçi qeyd edib ki, onun fikrincə, Moskvada Lukaşenkonun demarşı ilə bağlı hər hansı müsbət plan tapılıb və bu plan məmnuniyyətlə istifadə edilib: "Bu, əlbəttə ki, "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlədən Bordyuja ilə olan intriqanın nəticəsi idi"...
Jurnalistin sözügedən faktın - baş katibliyin rotasiya prinsipi üzrə seçilməsində problemlər yaşanması, bunun KTMT-nin nüfuzuna hansı təsir göstərəcəyi, eləcə də gələcək fəaliyyəti ilə bağlı verilən sualını cavablandıran Dubnov ironik şəkildə bildirib ki, onlar bundan sonra da KTMT-də maraqdoğurucu rəqabətləri müşahidə edəcəklər: "Nəyə görə də yox?! Biz bundan sonra da KTMT-də mənasız, lakin maraqdoğurucu rəqabətləri müşahidə edəcəyik. KTMT, yoxsa Avrasiya İttifaqı? Bu məsələ hələ uzun çəkəcək..."
"Moskva üçün Semerikovun müvəqqəti baş katib kimi KTMT-yə uzunmüddətli şəkildə rəhbərlik etməsi sərfedicidir"
Semerikovun KTMT-nin baş katibi postuna müvəqqəti rəhbər təyin olmasından sonra onun bu postda davamlı qalıb-qalmayacağı, ümumiyyətlə, təşkilatın baş katibliyinin Ermənistana verilməyəcəyi sualını cavablandıran rus siyasi şərhçi deyib: "Bu, aparat oyunlarıdır. Aparat nöqteyi-nəzərindən, hesab edirəm ki, Moskva üçün Semerikovun müvəqqəti baş katib kimi KTMT-yə uzunmüddətli şəkildə rəhbərlik etməsi sərfedicidir. Əgər o indidən baş katib kimi seçilərsə, bu zaman rotasiya prinsipi pozula bilər. Müvəqqəti icraçı isə daha məqsədəuyğundur.
Başqa tərəfdən, düşünürəm ki, Moskva erməni nümayəndəsinin baş katibliyə seçillməsi məsələsində maksimum şəkildə vaxt uzadacaq. Həmçinin, hesab edirəm ki, əgər erməni tərəfinə lazım olarsa, Moskva tərəfindən izahatlar verilə bilər və bu, heç də çətin deyil. Çünki Ermənistan hakimiyyəti bu izahatı rahat şəkildə qəbul və həzm edəcək. Lakin müxalifət isə, bu məsələyə çox asanlıqla güləcək".
"Erməni hərbçisinin KTMT-yə baş katib təyin olunmaması Azərbaycana verilən bonusdur"
Erməni jurnalist Vadim Dubnova Bordyujanın istefaya getməsinin səbəblərini Azərbaycan mediasında onun Dağlıq Qarabağı "respublika" kimi təqdim etməsi, eləcə də, bu məsələnin Azərbaycanın təbliğatı üçün müsbət nəticə verməsi ilə əlaqələndirildiyini deyib və bu faktorun nə qədər həqiqətə uyğun olduğunu soruşub.
Maraqlıdır ki, rusiyalı siyasi ekspert bunun belə olmadığını deyərək, baş verənləri əyalət teatrının üçtərəfli intriqası kimi qiymətləndirib. Lakin bununla belə, baş verənlərdən Azərbaycanın "qazanc" götürdüyünü bildirib. SİTAT: "Erməni hərbçisinin KTMT-yə baş katib təyin olunmaması Azərbaycana verilən bonusdur. Bordyujanın riski nəzərə almadığı məlum bəyanatı isə Yerevanı, az da olsa kompensasiya etdi. Nə də olsa, o istefaya getməli idi. Bu, onun gedişi paketinin tərkib hissəsi idi".
"Ermənistan nə KTMT-də, nə də Avrasiya ittifaqında moderator rolunu ala bilməyəcək"
Erməni jurnalist isə, öz növbəsində, sual edərək deyib ki, əslində, həmin bəyanatı Bordyuja deyil, məhz Moskva səsləndirib və bu, Azərbaycana xəbərdarlıq ola bilərdimi?
Dubnov isə bunun belə olmadığını deyərək, bir daha təkrar edib ki, həmin bəyanatın səslənməsi ermənilərin KTMT-yə baş katiblik etməyəcəkləri ilə bağlı kompensasiyanın tərkib hissəsi idi.
Ermənistanın KTMT, Avrasiya İttifaqı kimi qurumlarda hər hansı pozulmuş münasibətlərin qurulmasında, yaxud bərpasında moderator rolu oynayacağına da inanmadığını deyən rus siyasi şərhçi, buna baxmayaraq, Ermənistanın bu kimi təşkilatlarda, sadəcə, üzvlük etməsi Moskva üçün prinsipial olaraq lazımdır. Belə ki, əgər bu da olmasaydı, onda qalmaqal yaşanardı.
"Erməni ictimaiyyəti bu cür illüziyaları qəbul etməyə meyilli görünmür"
"Belə olan vəziyyətdə, Ermənistan adıçəkilən təşkilatlar çərçivəsində yalnız maraqlarının qorunması üçünmü təmsil olunmalıdır?"-sualına cavab verən Dubnov deyib ki, ona bu kimi məsələlərdə məsləhətlər vermək çətindir, ancaq məsləhəti bu olardı ki, reallıq anlaşılsın və müəyyən illüziyalara son qoyulsun..."
"Exo Kavkaza" və "Radio Svoboda" radiolarının siyasi eksperti son olaraq deyib ki, əgər Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə fatal hadisələr baş verməzsə, Moskva heç vaxt Azərbaycanla qarşıdurmada Yerevana kömək etməyəcək.
"Hesab edirəm ki, Yerevan mövcud situasiyada yalnız bunu özünə rəva görməlidir - əlavə illüziyalara qapılmayaraq, adekvat olaraq öz əhalisinə hər şeyi olduğu kimi izah etmək. Yeri gəlmişkən, erməni ictimaiyyəti bu cür illüziyaları qəbul etməyə meyilli görünmür"-deyə Valeri Dubnov son olaraq vurğulayıb.
Qeyd: müsahibənin orijinalını bu linkdən oxuya bilərsiniz:
http://ru.1in.am/1178388.html
Rövşən NURƏDDİNOLU