"Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyini vurğulayaraq bildirdi ki, aprel döyüşləri bizim parlaq qələbəmizdir və bu döyüşlər Azərbaycan dövlətinin gücünü göstərdi. İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, doğurdan da bu döyüşlərdən sonra hərbi-psixoloji əhval-ruhiyyə Azərbaycanın lehinə dəyişdi, Azərbaycan ordusu qalib ordu adını qazandı: "Ermənistan və onun havadarları gördülər ki, Azərbaycan nə qədər güclüdür, Azərbaycan ordusu nəyə qadirdir. Düşünurəm ki, hərbi-psixoloji əhval ruhiyyənin eyni zamanda hərbi-siyasi nüfuzun Azərbaycanın lehinə olması artıq bu problemin həllində ölkəmizin maraqlarına uyğun olan yeni şərtlər formalaşdırdı. Elə bu şərtlər də 2017-ci ildə Dağlıq Qarabağ probleminin həllində mümkün irəliləyişləri diqtə edə bilər. Xatırlayırsınızsa, 2017-ci ilin büdcəsi qənaət büdcəsi kimi xarakterizə olunsa da müdafiə xərclərinə ayrılan vəsaitə toxunulmadı. Çünki bu birbaşa milli təhlükəsizlik məsələləri ilə bağlı idi. Ancaq işğalçı Ermənistan öz hərbi büdcəsini ianələr və yardımlar hesabına formalaşdırmağa çalışır. Bu isə sabit və yetərli vəsait olmasa da hər halda müəyyən imkanlar yaradır. Bəllidir ki, belə imkanlar etibarlı deyil".H.Babaoğlu əlavə edib ki, xarici havadarların da köməyi davamlı ola bilməz: "Ona görə də cənab Prezident qeyd etdi ki, xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində Azərbaycanın qarşısında duruş gətirə bilməzlər. Ermənistanda da dərk edirlər ki, onlara silah yardımı edən bəzi ölkələr getdikcə Azərbaycanla daha çox yaxın olmağa çalışırlar. Çünki ölkəmiz regionun güc mərkəzinə çevrilməkdədir. Belə olduqda Azərbaycan gələcəkdə işğalçı Ermənistana silah yardımının edilməsinin də məhdudlaşdırılmasını tələb edə bilər. Ona görə də Emənistan mövcud siyasi reallıqları düzgün dəyərləndirərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir"
sia.az