Arzu Nağıyev: "Regionda sabitlik pozula bilər "
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində həyata keçirilən tədbirlər, görüşlər və dialoqlar Sarkisyan rejiminin qeyri-konstruktiv siyasəti və yanaşması səbəbindən, hələ ki, nəticəsiz qalmaqdadır. Birmənalı şəkildə demək olar ki, beynəlxalq hüquq müstəvisində Azərbaycanın Ermənistan üzərində qazandığı hüquqi, siyasi və diplomatik üstünlüyün miqyası getdikcə genişlənir. Bu da əminliklə o fikri deməyə əsas verir ki, bütün cəhdlərə və təxribatlara baxmayaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi prosesi heç də uzaqda deyil. Bu reallığı Sarkisyan rejimi də dərk edir. Ona görə də, müxtəlif təxribatlar və pozuculuq aktları törətməklə status-kvonun ömrürünü bir qədər də uzatmağa çalışır. Son günlər cəbhə xəttinə yaxın bir neçə ərazidə Ermənistan atəşəks rejimini pozmağa cəhdlər göstərib. Baş verən erməni təxribatları fonunda münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cəbhədə baş verən erməni təxribatına münasibət bildirməməsi həmsədrlərin Sarkisyandan fərqli düşüncəyə malik olamadığı qənaəti yaradır.
Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunda hazırda bir durğunluq hökm sürür: "Bunun bir neçə səbəbi ola bilər. Birincisi, ondan ibarətdir ki, ABŞ-ın yeni prezidentinin seçilməsi ilə bağlı aparacağı xarici siyasətə müəyyən korrektələrin ediləcəyini düşünürlər. İkincisi, Rusiya son vaxtlar tam şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürdüyü üçün Qərb dövlətləri gözləmə mövqeyindədirlər. Bundan başqa, Suriya və ümumiyyətlə, Yaxın Şərqdə gedən proseslər sanki Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib".
Politoloqun sözlərinə görə, ermənilər Azərbaycanla sərhəd ərazilərdə həyata keçirdikləri təxribatlarla KTMT-yə üzv digər dövlətləri də bu oyuna cəlb etməyə çalışırlar və təbii ki, bu fiaskoya uğrayır: "Ermənilərin məqsədi həm də, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasına, bununla da Sarkisyan hakimiyyətinin sonuna qədər buna nail olmaqdır. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında dəyişikliklər də prosesə təsir edir, onlar regionu yaxşı tanımırlar və bunu etmək üçün vaxt gedir. Sadəcə olaraq, ATƏT Minsk Qrupunun həmsədr ölkələri, ümumiyyətlə, ermənilərə ciddi təzyiq etməlidirlər, təəssüf ki, bunu etmirlər və ya etmək istəmirlər. Azərbaycan, öz növbəsində, digər yollarla, o cümlədən, hərbi yolla münaqişənin həll edilməsinə qadir dövlətdir və bunu sübut edən faktlarımız var, sadəcə olaraq, biz sülh yolunu seçib və beynəlxalq qanunlara zidd addımlar atmırıq. Lakin ATƏT və hətta BMT də buna etinasız yanaşmamalı və müvafiq addımlar atmalıdırlar, əks halda regionda sabitlik pozula bilər".
GÜLYANƏ