"Ümumiyyətlə Azərbaycanın Davos İqtisadi Forumu kimi yüksək səviyyəli platformalarda iştirakı həm ölkəmizin tanıdılması, həm də ölkəmizə yeni imkanların cəlb edilməsi baxımından əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan artıq onuncu dəfədən artıqdır ki, bu platformada iştirak edir: "Təbiidir ki, hər dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumunda iştirak edərkən müxtəlif insanlarla xüsusən də dünya iqtisadi nəhəngləri ilə və ayrı-ayrı ölkələrin rəhbərləri, dövlət, hökumət başçıları ilə görüşlər keçirir. Prezident Azərbaycana yeni imkanların cəlb edilməsi üçün çalışır. Təbii ki, bu da öz nəticəsini verir. Çünki dünyanın ən aparıcı şirkətləri böyük maliyyə vəsaitləri ilə Azərbaycana gəliblər. Onlar son illər ərzində burada böyük işlər görməkdədirlər.Bu baxımdan düşünürəm ki, cənab Prezidentin bu səfərki Forumda iştirakı da nəticə etibarilə Azərbaycana yeni maliyyə vəsaitlərinin, iqtisadi imkanların cəlb edilməsi önəmindən əhəmiyyətli olacaq. Ən azından biz dövlət başçısının orada keçirdiyi ikitərəfli görüşləri nəzərə alsaq bunun belə olacağına şübhə yeri qalmır. Ona görə də düşünürəm ki, Davos Forumu istənilən halda Azərbaycan və onun iqtisadi imkanlarının genişləndirilməsi üçün əhəmiyyətlidir. Ölkə rəhbəri də bu əhəmiyyəti hər birimizdən daha yaxşı dərk etdiyi üçün davamlı şəkildə o Forumun işində iştirak edir".
sia.az