Politoloq: "Lavrov Azərbaycanı Avrasiya İttifaqı və KTMT-də görmək istədiklərini bildirmişdi, lakin..."
"Sergey Lavrovun açıqlamalarında yenilik yoxdur, biz onsuz da Rusiyanın hansı mövqedə olduğunu bilirdik. Sadəcə olaraq, rusiyalı nazirin sözlərinin bu qədər əks-səda doğurmasının səbəbi onun siyasi korrektlikdən və diplomatik çərçivələrdən bir qədər kənara çıxaraq ölkəsinin mövqeyini açıq ifadə etməsidir. Danışıqlar uzun müddətdir ki, "Madrid prinsipləri" əsasında aparılır. Həmsədrlər hələ 2007-ci ilin noyabrında Madriddə münaqişə tərəflərinə həll prinsiplərini təqdim ediblər, 2009-cu ilin iyulunda isə yenilənmiş "Madrid prinsipləri" masaya qoyulub. Bu prinsiplər həmsədr ölkə prezidentlərinin verdikləri birgə bəyanatlarda da əksini tapıb. İndi Lavrov da, məhz həmin prinsiplər əsasında bu cür danışır".
Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında politoloq Şahin Cəfərli bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Qarabağ münaqişəsi Azərbaycanın daxili işlərinə aid məsələ deyil" fikrinə münasibət bildirən politoloq Ş.Cəfərli qeyd edib ki, sözügedən prinsiplər Azərbaycanın işğal olunmuş torpaqlarını iki fərqli kateqoriyaya ayırır: "Dağlığın Qarabağ referendum vasitəsilə müəyyənləşdirilməsi də Madrid prinsiplərində əksini tapıb. Dağlıq Qarabağda keçiriləcək referendumdan erməni tərəfini qane edəcək nəticənin çıxacağını proqnozlaşdırmaq çətin deyil. Vaxtilə Dağlıq Qarabağda yaşamış azərbaycanlı əhalinin öz evlərinə qayıtması da səsvermənin nəticələrinə həlledici təsir göstərməyəcək. Hesab edirəm ki, bu cür yanlış təməl üzərində ədalətli sülh qurula bilməz. Burada əlverişsiz məqam həm də ondan ibarətdir ki, ətraf rayonların qaytarılması ilə status məsələsi birgə götürülür və paket həll nəzərdə tutulur. Yəni Azərbaycan ətraf rayonları təhvil almaq üçün, faktiki olaraq, Dağlıq Qarabağın itirilməsi variantına razılaşmağa məcbur edilir. Lavrov da, məhz buna işarə vurub. Rusiya çalışır ki, münaqişə həll olunsa da, olunmasa da, Azərbaycanı mümkün qədər öz təsir dairəsində saxlasın".
Politoloq onu da əlavə edib ki, Lavrovun açıqlamaları, eyni zamanda, onu göstərir ki, rəsmi Bakı Moskvanın gözləntilərinə uyğun addımlar atmır: "Aprel döyüşlərindən sonra Lavrov Azərbaycanı Avrasiya İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istədiklərini bildirmişdi. Lakin Azərbaycan hakimiyyəti müstəqilliyin məhdudlaşması mənasına gələn bu addıma getmədi. Digər tərəfdən, rəsmi Bakı münaqişənin həlli prosesinin tamamilə Rusiyanın inhisarında olduğu hazırkı məqamda Kremlin maraqlarına uyğun həll variantına razılaşmır. Rusiya isə ehtiyatlanır ki, zaman uzandıqca hazırkı reallıqlar dəyişə bilər və həll prosesində onun arbitrliyi aradan qalxar. Görünür, bütün bunlar Moskvada Azərbaycana qarşı qəzəb doğurub və Lavrovun məlum açıqlamaları da bundan irəli gəlir".
Samir Feyruzov