"Serj Sarkisyan Azərbaycan və Ermənistanın ayrılıqda Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz bəyanatı ilə əslində demək istəyib ki, bu münaqişəni yaradan böyük qüvvə var. Problemin açarı da həmin böyük qüvvənin cibindədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, münaqişənin həlli təbii ki, Ermənistanın gücündə deyil: "Ermənistan cinayətkar və terrorçu qurumdur. Bu cırtdan qurum özünün böyük havadarının, himayədarının kölgəsində oturub qorunur və onun vasitəsilə də Azərbaycan torpaqları işğal olunub. Bu gün də güc, söz sahibi həmin himayədardadır, o nə desə, Sarkisyan və ətrafı icra edirlər. Sarkisyandan fərqli olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir və belə bir imkanı da var. Ancaq Sarkisyanın bu gücü, səlahiyyəti yoxdur. Onun dedikləri bir növ işğalçının, caninin etirafıdır".
E.Məmmədov hesab edir ki, Azərbaycan ötən illər ərzində bu problemin həlli üçün kifayət qədər hüquqi baza yarada bilib: "Ölkəmiz çox nüfuzlu beynəlxalq təşkilatların etiraflarını ala bilib. Böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən konkret sənədlərlə işğal faktı təsdiqlənib. Böyük dövlətlər etiraf ediblər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib. Belə olan halda, Azərbaycan beynəlxalq hüququn müvafiq bəndləri, BMT-nin nizamnaməsinə uyğun olaraq torpaqlarını işğalçılardan azad etmək səlahiyyətinə və hüququna malikdir. Bu gün ölkəmizin buna həm iqtisadi, həm hərbi gücü çatır. Amma yenə də Azərbaycan beynəlxalq təşkilatlardan, Ermənistanı idarə edən böyük dövlətlərdən tələb edir ki, təcavüzkarı danışıqlar yolu ilə torpaqlarımızdan çəkilməyə məcbur etsinlər. Belə olmasa, təbii ki, ölkəmiz öz torpaqlarını işğalçıdan azad edəcək".
Millət vəkili hesab edir ki, bu gün dünyada gedən müəyyən proseslər Azərbaycanın xeyrinə inkişaf edir: "Məsələn, Rusiya -Türkiyə yaxınlaşması Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu yaxınlaşma sonunda Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxara bilən bir vəziyyət yarada bilər. Mənim bundan gözləntilərim çoxdur. Digər tərəfdən, Rusiya-Türkiyə-Azərbaycan, Rusiya-İran-Azərbaycan formatlarında yaxınlaşmalar və qeyd edilən formatlarda aparılan iqtisadi, siyasi proseslər Azərbaycanın xeyrinədir. Ermənistan anklav formasında bir ada kimi ortada qalıb, bütün cəhətdən iflasa uğramış cinayətkar qurumdur. Bu proseslərin gedişi Qarabağ məsələsinin ədalətli həlli və Ermənistanın bir dövlət kimi bundan sonra normal yanşamasına səbəb ola bilər. Mənim bu istiqamətdə gözləntilərim daha çoxdur. Yəni regiondakı böyük güc mərkəzlərinin bir-birilə dil tapıb yaxınlaşması, əməkdaşlıq etməsi, onlar arasında dostluğun yaranması Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxara bilər".
sia.az