"Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar mənasız və yalnız daxili auditoriyaya hesablanıb. Bu bəyanatlar Azərbaycanın mövqeyinə heç zaman təsir etməyib və etməyəcək də". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, Ermənistan rəhbərinin fikirləri reallığı əks edirməməklə yanaşı, danışıqlar prosesinin cari elementlərinə uyğunlaşmır: "O ki qaldı Dağlıq Qarabağın taleyinin kimlər tərəfindən müəyyənləşməsinə, təbii ki, həmin ərazilərdə yaşayan ermənilərin fikirləri nəzərə alınmalıdır, lakin əsas söz Azərbaycan dövlətinindir. Çünki, bu ərazilər Azərbaycana məxsusdur. Bu baxımdan Sarkisyanın bəyanatları kifayət qədər savadı olmayan cəmiyyətə hesablanıb".İ. Vəlizadə qeyd edib ki, Ermənistan tərəfinin son zamanlar fəallaşması və arxayınçılığının arxasında dayanan fövqəl qüvvələr var ki, onlardan da biri Rusiyadır: "Çox təəssüf ki, Rusiya ilə yanaşı, burada ABŞ, Fransa da var ki, onlar da Ermənistana qarşı başqa münasibət sərgiləmir, kimin tərəfində olduqlarını da açıq şəkildə bildirmirlər. Əks halda, Ermənistan bu cür bəyanatlar səsləndirməkdən çəkinərdi".Natiq Rusiya XİN başçısı Sergey Lavrovun son bəyanatının da Ermənistanda arxayınçılıq yaratdığını dilə gətirib: "Əslində son illər ərzində Rusiya tərəfindən Ermənistana başqa mesajlar gəlirdi ki, burada ərazilərin boşaldılması mühüm yer tuturdu və Sarkisyan da bu bəyanatlardan narahat idi. Lakin Lavrovun son bəyanatı Ermənistan rəhbərliyini bir növ sığortalamış oldu. Onlar düşünür ki, Azərbaycan belə bəyanatlardan sonra ərazilərinin qaytarılması istiqamətində qəti addımlar ata bilməz. Təbii ki, bu yanlışdır və Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilən deyil. Əgər Azərbaycanın mövqeyində dəyişiklik olsaydı o zaman ölkəmiz bu qədər silah-sursat almazdır. Ölkəmiz Rusiyadan, İsraildən çoxlu sayda silah alaraq ordumuzun daha da gücləndirmək istiqamətində işlərini davam etdirir. Azərbaycan öz torpaqlarını sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytarmaq mövqeyindədir. Maraqlısı odur ki, bunu Rusiya da çox yaxşı başa düşür və bilə-bilə Azərbaycana silah satmaqda davam edir. Əgər Rusiya Azərbaycanın müharibə yoluna əl atmasını istəməsəydi, o zaman bizə silah satmazdı. Demək ki, Rusiyanın nüfuzlu dairələri var ki, onlar ölkəmizin bu mövqeyini sözdə də olmasa, əməldə dəstəkləyirlər".
sia.az