Dövlət başçısı İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzaladı
Müəyyən müddət idi ki, həm mətbuatda, həm də sosial şəbəkələrdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət tərəfindən verilən maddi yardımların kəsilməsi, yaxud, onların müxtəlif formada əvəzlənməsi ilə bağlı müzakirələr aparılırdı. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün həm çörək pulu, həm də kommunal ödənişlərin həyata keçirilməsi üçün yeni mexanizmlərin bəyan edilməsi formasında manipulyasiyalar həyata keçirilirdi ki, bu da sonda heç də xoşa gəlməyən fikirlərin meydana çıxmasına yol açırdı. Hətta, bu vəziyyətdən anti-milli ünsürlər, anti-Azərbaycan dairələri də sui-istifadə edərək, ölkədə ictimai sabitliyi pozmağa hesablanmış təxribat xarakterli məlumatlar yaymaq üçün müxtəlif cəhdlər göstərirdilər.
Lakin bu gün hər bir vətəndaşın, xüsusilə də, qaçqın və məcburi köçkünlərin dövlətə və Prezident İlham Əliyevə olan inam və etibarı elə bir səviyyədədir ki, bu cür təxribat xarakterli fikirlər və cəhdlərşübhəsiz təsirsiz və nəticəsiz qaldı. Çünki cəmiyyətdən, sosial institutlardan siyasi sistemə, hökumətə daxil olan impulslar heç bir halda nəzarətsiz qalmadığı kimi bu dəfə də öz layiqli cavabını aldı. Beləliklə də, dövlət bütün məsələləri nəzərə alaraq növbəti mühüm humanist addımını atdı. Bu dəfə də insanlarımızın inam və ümidi olan Prezident İlham Əliyev sosial ədaləti bərpa edən Fərman imzaladı.
Belə ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edildi. Eyni zamanda, Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırıldı. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.
Göründüyü kimi, Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də sosial ədaləti bərpa etdi. İmkan vermədi ki, qaçqın və məcburi köçkünlərin üzərindən kimlərsə manipulyasiya etsin, rüşvət və ya korrupsiya hallarına yol versin.
Qeyd edək ki, bu günə qədər adambaşına verilən 20 manat 50 qəpik yemək xərci müavinəti pul formasında məcburi köçkünlərin kartına köçürülürdü, adambaşına 10 manat 50 qəpik məbləğində kommunal xidmətlər üçün müavinət isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən "Azəriqaz" İB, "Azərişıq" ASC, "Azərsu" ASC və digər müvafiq təşkilatlara köçürülürdü. Yəni, qaçqın və məcburi köçkünlərin şəxsi istifadəsində yalnız yemək xərci müavinəti olurdu.
Etiraf edək ki, elə məcburi köçkün ailələri var ki, onlar kommunal xərclər üçün köçürülən məbləğdən az istifadə edirdilər. Lakin Prezident İlham Əliyevin müvafiq Fərmanından sonra bütün müavinətlər hamısı hesablanıb pul formasında məcburi köçkün və qaçqınların kartına yüklənəcək və onlar həm yemək xərci, həm də kommunal xidmətlər üçün müavinətləri özləri alacaq və istədikləri kimi xərcləyəcəklər. Bununla da, məcburi köçkün heç bir təşkilatdan asılı olmadan vəsaiti özü paylaşdıracaq və belə olan halda kommunal xərclər üçün ayrılmış vəsaitdən az istifadə edən məcburi köçkün ailələri yerdə qalan məbləği digər ehtiyaclarının ödənilməsinə sərf edəcək ki, bu da məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Məhz, Fərmanın da sosial ədaləti bərpaetmə xüsusiyyəti də bundadır.
Bir sözlə, bu gün Azərbaycan cəmiyyəti bir daha Prezident İlham Əliyevin humanist addımlarının nəticəsinin və dövlətimizin insan amilinə verdiyi dəyərin şahidi oldu. Hər kəs, xüsusilə də, qaçqın və məcburi köçkünlər bir daha əmin oldular ki, dövlətimiz daim onların yanındadır və insanlarımız Prezident İlham Əliyevin diqqət və qayğısı əhatəsindədir.
"SƏS" Analitik Qrupu