PDF Oxu

Siyasət

  • 266

Prezident İlham Əliyev sosial ədaləti bərpa etdi!

Prezident İlham Əliyev sosial ədaləti bərpa etdi!

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyev verdiyi bütün qərarlarda ilk olaraq insanları düşünür"

"Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah halı və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda, ilk olaraq insanları düşünür". Bunu "SƏS"ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın Ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldur. Elə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman da bu dediklərimizin bir nümunəsi oldu: "Bu Fərmanla Prezident İlham Əliyev sosial ədaləti bərpa etdi. Bundan sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün dövlət tərəfindən ayrılan vəsaitlər yalnız həmin insanlar tərəfindən xərclənəcək. Bilirsiniz ki, bu günə qədər adambaşına verilən yemək xərci müavinəti pul formasında məcburi köçkünlərin kart hesabına köçürülürdü. Adambaşına kommunal xidmətlər üçün müavinət isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq xidmət təşkilatlarının hesablarına köçürülürdü. Yəni qaçqın və məcburi köçkünlərin şəxsi istifadəsində yalnız yemək xərci müavinəti olurdu. Lakin Prezident İlham Əliyevin müvafiq Fərmanından sonra bütün müavinətlərin hamısı hesablanıb, pul formasında məcburi köçkünlərin kartına yüklənəcək və onlar həm yemək xərci, həm də kommunal xidmətlər üçün müavinətləri özləri alacaq və istədikləri kimi vəsaitdən istifadə edəcəklər".

Sədaqət Vəliyeva əlavə edib ki, bu Fərman məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək və bu sahədəki fəaliyyəti daha da şəffaflaşdıracaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər