PDF Oxu

Siyasət

  • 277

“Bu müraciəti edənlər QHT deyil, siyasi fəaliyyətlə məşğuldurlar” Ekspert ŞƏRHİ

“Bu müraciəti edənlər QHT deyil, siyasi fəaliyyətlə məşğuldurlar” Ekspert ŞƏRHİ

"Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciət bütövlükdə nə ölkə qanunvericiliyinə, nə Azərbaycan vətəndaşının üzərinə düşən vəzifə və öhdəliklərə uyğun gəlir. Prinsip etibarilə, belə müraciət edən insanlar Azərbaycan vətəndaşı kimi, QHT nümayəndəsi kimi davranmayıblar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, QHT-lərin birinci vəzifəsi vətəndaş cəmiyyətini inkişaf etdirməkdən ibarətdir və bu prosesdə QHT-lər Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını, ölkə qanunvericiliyinin Avropa Şurasının standartlarına və normalarına uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərməli, ölkəmizin hər hansı beynəlxalq təşkilatla əməkdaşlığı təşəbbüsünü və fəaliyyətini dəstəkləməlidir: "QHT-lərin üzərinə düşən vəzifələrdən biri də budur. Amma göründüyü kimi, onlar nəinki bu vəzifələri yerinə yetirmir, həm də öz fəaliyyət istiqamətlərinə zidd mövqe sərgiləyir və proseslərə münasibət bildirirlər. Bu davranış bütövlükdə QHT-lərin fəaliyyət istiqamətlərinə də uyğun gəlmir. Çünki bu müraciət tamamilə səthi motivlərdən ibarətdir və bilavasitə sübuta yetirir ki, adıçəkilən və QHT olduqlarını iddia edən qruplar, dairələr, yaxud şəxslər QHT fəaliyyəti ilə deyil, siyasi fəaliyyətlə məşğuldurlar. Bu fəaliyyət isə Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, ayrı-ayrı sifarişçi qrupların, xarici dairələrin, eləcə də ermənipərəst dairələrin mövqeyinə xidmət edir".

Siyasi şərhçi bildirib ki, AŞPA-da Azərbaycana qarşı mübarizə aparan qruplar birmənalı şəkildə Ermənistanı təmsil edən deputatlar, işğalçı ölkə ilə bu və ya digər şəkildə əlaqəsi olan şəxslərdir: "Həmin şəxslər isə hər zaman ölkəmizin maraqlarına zidd fəaliyyət göstərməyə çalışırlar. Əgər bu müraciəti edənlər doğurdan da vətəndaş cəmiyyətinin nümayəndələridirsə, o zaman Ermənistan AŞPA-da Qarabağ qrupunun fəaliyyətini boykot edəndə, alt komitənin toplantılarına qatılmayanda niyə görə AŞPA rəhbərliyinə müraciət etmirdilər? Nə üçün beynəlxalq sülh təşəbbüslərini boykot etdiyinə görə Ermənistanın AŞPA-dan kənarlaşdırılması məsələsini qaldırmırdılar? Təəssüf ki, belə bir müraciətin şahidi olmamışıq. Əksinə, Ermənistanla eyni mövqedən çıxış edən insanların fəaliyyəti göz önündədir. Bu insanların faktiki olaraq Azərbaycana heç bir aidyyatı yoxdur. Nə Azərbaycanın bir vətəndaş kimi təəssübünü çəkmirlər, həm də QHT-lər kimi öz qarşılarına qoyduqları vəzifə və öhdəlikləri yerinə yetirmirlər. Faktiki olaraq bu insanların QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri adından danışmağa heç bir hüququ yoxdur".

sia.az

Digər xəbərlər