"Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük həm sosial ictimai, həm də hərbi siyasi əhəmiyyəti var". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, ötən ilin aprel ayındakı döyüşlərdə Azərbaycan hərbi qüvvələri bizim 2 min hektara qədər ərazimizi işğaldan azad etdilər. Beləcə "Lələtəpə" yüksəkliyi bizim əlimizə keçdi və minlərlə hektar ərazi artıq bizim nəzarətimizdədir. Bu imkan verdi ki, bizim işğal altında olan kəndlərimizi, o cümlədən Cocuq Mərcanlı kəndini və orada insanların yaşayışını təmin edək. Bu birinci növbədə Azərbaycan ordusunun gücünü, uğurunu göstərir.Siyasəti əhəmiyyəti odur ki, Azərbaycan hər bir halda öz torpaqlarının sahibidir və ora qayıtmaq imkanı düşəni kimi ondan istifadə edəcək.İctimai sosial əhəmiyyəti isə odur ki, vaxtilə orada yaşamış ailələrin yenidən ora qayıtması, öz dədə-baba yurdlarına sahib olması təmin olunur. Hətta əldə olunan məlumatlara görə vaxtilə orada 400 ailə yaşayıb və indi 190 ailə ora köçmək arzusundadır. Cənab Prezidentin ayırdığı vəsaitlə ilkin etapda 50 ev, məktəb orada tikiləcək. Yəqin ki ondan sonrakı dövrdə də digər evlər, infrastrukturlar da tikiləcək. Bu il bizim artıq Qarabağa və Dağlıq Qarabağ ətrafındakı bölgələrə qayıdışımızın başlanğıcı kimi xoş xəbərdir. İnşAllah digər yaşayış məntəqlərimiz də azad olunduqca məcburi köçkün bacı və qardaşlarımız doğma yurdlarına qayıdacaqlar".
sia.az