PDF Oxu

Siyasət

  • 48

"Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, nəinki ermənilər, bəlkə də bütün Cənubi Qafqaz regionu tamam fərqli şəraitdə yaşamış olardı"

"Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, nəinki ermənilər, bəlkə də bütün Cənubi Qafqaz regionu tamam fərqli şəraitdə yaşamış olardı"

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağ azərbaycanlıları olmadan Dağlıq Qarabağın statusu müəyyənləşdirilməyəcək"

"Rusiya xarici işlər naziri Sergey Lavrovun fikrincə, işğal olunmuş ərazilərin, Dağlıq Qarabağın statusunun müəyyən olunması şərti ilə, azad olunması tələbi sənədlərdə göstərilib. Belə fikirlərin Ermənistana hədsiz aydın şəkildə və bir neçə dəfə deyilməsi zəruri məsələdir. Çünki əksər ermənilərin belə həqiqətləri qavraması ilə bağlı problemlər var". "Səs" qəzetinin məlumatına görə, bu fikirlərlə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib. Onun sözlərinə görə, Ermənistan, həqiqətən, Dağlıq Qarabağ münaqişəsini dinc yolla tənzimlənməsinin tərəfdarıdırsa, iki addım arasından ilk addım kimi seçim etməlidir:

1) İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması;

2) Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfindən deportasiya olunmuş, genosidə məruz qalmış azərbaycanlıların Dağlıq Qarabağa qayıtması.

"Hətta Dağlıq Qarabağın statusunun müəyyən olunması təkbaşına, ayrıca bir məsələ kimi də qoyulsa, ermənilər bunun həllini tapa bilməyəcəklər"

"Yenilənmiş Madrid" prinsipləri və ya ATƏT Minsk Qrupuna həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatda Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə işğal olunmuş ərazilərin qaytarılması bir-birindən asılı deyil"-deyə qeyd edən M.Əhmədoğlu əlavə edib ki, bu iki məsələ bir-birinə 2011-ci ildə bağlansa da, Ermənistan addım atmayıb. SİTAT: "Hətta Dağlıq Qarabağın statusunun müəyyən olunması təkbaşına, ayrıca bir məsələ kimi də qoyulsa, ermənilər bunun həllini tapa bilməyəcəklər. Çünki Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmalıdırlar. Yenilənmiş Madrid Prinsiplərində və ya ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladığı 5 bəyanatda 2 istisna var: Onlardan biri ondan ibarətdir ki, dünyada heç bir qüvvə Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağ azərbaycanlıları olmadan müəyyənləşdirə bilməyəcək".

"Lavrov və ya digər həmsədrlərin də fəaliyyətinin ən böyük qüsurları odur ki..."

M.Əhmədoğlu, xüsusilə, qeyd edib ki, Azərbaycanı, eləcə də, beynəlxalq ictimaiyyəti başqa bir varianta təhrik etməyə Ermənistanın gücü yoxdur. Belə ki, bu, həm də beynəlxalq hüququn tamamilə inkarı deməkdir: "Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayacağını və birgə yaşayış baş tutduqdan sonra, iki icma statusun müəyyən olunması ilə birgə məşğul olacağını ermənilərin dərk etməsi, onlar üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur".

Politoloq həmsədrlərin qüsurları ətrafında da hansı nəticəyə gəlindiyini bildirərək, deyib ki, onlar mövcud reallığı Ermənistanın nəzərinə çatdırmaq istəyində deyillər, yaxud bunu açıq qaydada deyə bilmirlər: "Lavrov və ya digər həmsədrlərin də fəaliyyətinin ən böyük qüsurları odur ki, onlar bu fikri Ermənistana açıq şəkildə demək istəmirlər. ABŞ-ın keçmiş həmsədri C.Uorlik təxminən 5 dəfə azərbaycanlılarla ermənilərin əvvəllər birgə yaşadığını və bundan sonra da birgə yaşayacağını bildirib. Amma o, daha aydın şəkildə deməli idi ki, Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtmalıdırlar. Diplomatik dildə həmsədrlərin mövqeyi bəllidir. Görünür, emənilər bu dili bilmir".

"ABŞ və Fransa ermənilərin xoşlamadığı adamları həmsədr postuna təyin edir"

"Amma ermənilər görməlidirlər ki, Azərbaycan və beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağla əlaqəli referendumlar və ya digər plebissitlər heç bir hüquqi gücü olmayan boş kağız parçasıdır və heç bir sənəddə onlara istinad edilmir"-deyə vurğulayan M.Əhmədoğlunun fikrincə, ermənilər görməlidirlər ki, Rusiya "işğal olunmuş ərazilər" terminini işlədir, ABŞ və Fransa ermənilərin xoşlamadığı adamları həmsədr postuna təyin edir: "Bu gün ermənilərin xoşlamadığı diplomatı həmsədr təyin edən ABŞ Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermənistana tam və hərtərəfli dəstək verirdi. Eyni fikri RF və Fransa haqqında da demək olar."

Politoloq sonda bildirib ki, işğalçı ölkənin inkişafı mümkünsüzdür və bu barədə danışmaq yersizdir, çünki bu ölkə yalnız geriyə doğru gedir: "Ermənistan hal-hazırda sürətlə geriləyən dövlətdir. Ermənistanın sürətlə geriləməsinin səbəbi Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, nəinki ermənilər, bəlkə də bütün Cənubi Qafqaz regionu tamam fərqli şəraitdə yaşamış olardı".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər