"Ermənistan-Azərbaycan Sülh Platforması" həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfinfən irəli sürülən çox unikal bir platformadır".SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlmasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.O qeyd edib ki, münaqişənin yaranmasından indiyədək olan müddət ərzində ilk dəfədir ki, məhz Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri belə bir sülh platformasının yaradılmasına qərar veriblər. Onun sözlərinə görə, bu platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini məqsəd kimi qarşıya qoyub. A.Quliyev bildirib ki,vətəndaş və xalq diplomatiyasından fərqli olaraq bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir: "Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyri-şərtsiz yerinə yetirilməli, Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağ ətrafında olan 7 rayon işğaldan azad olunmalı, məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilməlidir. Başqa sözlə desək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanalı və ermənilərin təhlükəsizliyinə tam şəkildə təminat verilməlidir".Millət vəkili bildirib ki, sözügedən prinsiplər bu gün sülh üçün yeganə psinsiplərdir. Onun qeyd edib ki, ilk dəfə olaraq, azərbaycanlılar və ermənilərin uzun müddət davam edən bu münaqişəyə son qoymaq üçün belə bir vətəndaş mövqeyini ortaya qoyması çox sevindirici haldır: "Hesab edirəm ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti buna qulaq asmalı, beynəlxalq təşkilatlar, xarici diplomatlar və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli və bunu nəzərə almalıdır. Bu, həm də uzun müddət beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülh yaratma missiyasına çox gözəl bir töhfədir. Bu nümunəni Azərbaycan və Ermənistan düzgün qiymətləndirməli və şansı itirməməlidir".
sia.az