Bu gün Yeni Azərbaycan Partiyası(YAP) Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə iclas iştirakçıları təşkilatın ilk sədri Zahid Qaralovun və dünyasını dəyişmiş digər partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən təşkilatın sədri, millət vəkili Şəmsəddin Hacıyev iclasın gündəliyi barədə məlumat verib. O deyib ki, gündəlikdə YAP Səbail rayon təşkilatının 2017-ci il üçün iş planının müzakirəsi və təsdiq edilməsi, YAP Səbail rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının cari il üçün iş planının müzakirəsi və təsdiq edilməsi və cari məsələlər daxildir.
İdarə heyəti birinci məsələnin müzakirəsi zamanı YAP-ın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi, həmçinin YAP-ın yaradılmasının 25 illiyi ilə əlaqədar tədbirlər planını təsdiq edib. Gündəlikdəki ikinci məsələnin təsdiqindən sonra isə cari məsələlərə baxılıb. YAP üzvlük vəsiqəsinin bərpası ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.
Ş.Hacıyev vurğulayıb ki, ötən il görülən işlərlə bağlı hazırlanmış hesabat İdarə heyərinin növbəti iclasında təqdim ediləcək. Bundan əlavə, o, bu il ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan edilməsi ilə bağlı olaraq bir sıra konfran və dəyirmi masaların təşkil edilməsinin nəzərdən keçirildiyini vurğulayıb.
sia.az