TEZİS ƏSASINDA
Mübariz Əhmədoğlu: "Rusiya möhkəm təzyiq etsə, Ermənistan qısa müddət ərzində 5 rayonu işğaldan azad edəcək"
"Rəsmi Yerevan 20 ilə yaxın Ermənistan-İran dəmir yoluna ciddi ümid yaratmaq cəhdlərindən sonra, bu ideyadan imtina etdi. Səbəb Naxçıvan-Məşhəd dəmir yolunun işə düşməsi idi". "SƏS"-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya Texnologiyaları İnstitunun direktoru, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələ ilə proqnozlarını açıqlayarkən deyib. O bildirib ki, Dubayda qeydiyyatdan keçmiş "Rasia" şirkəti Ermənistan-İran dəmir yolunu tikməklə bağlı Ermənistan hökumətinin qabağında dəqiqləşdirmək üçün beş tələb qoymuşdu: "Həmin tələblərdən biri Mehri dəmir yolunun tikintisinə rəsmi Yerevanın mövqeyinin nə qədər sabit qalacağı, digəri isə İranın Azərbaycanın Naxçıvan regionu ilə dəmir yolu əlaqəsini bərpa etməməyə Ermənistanın təsir gücü ilə bağlı idi. Lakin Naxçıvan-Məşhəd dəmir yolu fəaliyyətə başlayan kimi rəsmi Yerevan Ermənistan-İran dəmir yolu tikintisi direktorluğunu ləğv etdi. SİTAT: "Halbuki son 8 ildə bu direktorluğun saxlanması üçün 318 milyon 400 min dram və ya 700 min dollar vəsait xərclənmişdi. 2017-ci ilin büdcəsində bu direktorluğun il ərzində fəaliyyəti üçün 35 milyon 300 min dram və ya 74 min dollar vəsaitin ayrılması təsdiqlənmişdi. Dəmir yolunun tikintisi son səfəri zamanı İran prezidenti Həsən Ruhani ilə Yerevanda müzakirə edilmişdi".
"Ermənistan bir güllə ilə iki dovşan vurmaq niyyətindədir"
M.Əhmədoğlu bildirib ki, beləliklə, "Rasia" şirkətinin İran-Ermənistan dəmir yoluna investisiya axtarması mənasız oldu və "Rasia" şirkəti oyundan çıxdı: "Amma Ermənistan rəsmiləri İran-Ermənistan dəmir yolunun tikintisinin dayandırılması qərarının ölkənin daxilində və xaricində ciddi siyasi dəyişiklik yaradacağını nəzərə alaraq, bu ideyanı yenidən başqa variantda gündəliyə gətirdi. Guya Ermənistan dəmir yollarının konsession idarəçisi olan "Cənubi Qafqaz Dəmir Yolları" 3,5 milyard dollar pul qoyaraq, bu dəmir yolunu tikməlidir". "Ermənistan bir güllə ilə iki dovşan vurmaq niyyətindədir"-deyə qeyd edən politoloqun fikrincə, Rusiya şirkəti İran-Ermənistan dəmir yolu ilə bağlı hesablamalarını aparıb və bu layihənin rentabelsiz olduğunu dəfələrlə bildirib: "Rusiya Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri V.Yakunin İran-Ermənistan dəmir yolu tikintisi barədə həqiqəti dediyi üçün ermənilərin hücumuna məruz qaldı. Ermənistanın Rusiyanı bu mövzuda indi şantaja çəkməsi də "əsas" yaradıb. Ermənistanda belə bir siyasi fikir hökmrandır ki, Ermənistanın Rusiyadan uzaqlaşacağı təqdirdə, İran ona investisiya qoyacaqdır. Rusiyanın təsiri altında olan Ermənistana İran zərrə qədər də investisiya qoymayacaq. Beləliklə, Ermənistanın şantaj sxemi aydın olur. Ya "Cənubi Qafqaz Dəmir Yolları" (RF) Ermənistan-İran dəmir yolunu tikir, ya da Ermənistan dəmir yollarını bu şirkətdən alıb, İranın idarəçiliyinə verir. Beləliklə, İran dəmir yolunu tikir".
"Ermənistan Qərblə əlaqələr qurmaq üçün Azərbaycanla əməkdaşlığa hazırdır, lakin Rusiya ilə əlaqələr qurmaq üçün Azərbaycanla əməkdaşlığı rədd edir"
M.Əhmədoğlu bildirir ki, burada əsas məsələ Ermənistanın antirusiyaçılığındadır: "Ermənistan Mehri dəmir yolunun bərpasına icazə vermədiyi halda, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yoluna qoşulmaq niyyətini açıqladı. Belə ki, bu barədə verilən rəsmi bəyanatın müəllifi nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri V.Martirosyandır. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsi hələ planlaşdırılarkən Gürcüstan üzərinə öhdəlik götürüb ki, Azərbaycanın razılığı olmadan Ermənistan bu marşruta qoşula bilməz. O da nəzərə alınmalıdır ki, Serj Sarkisyan Ermənistanın 7 rayonu işğaldan azad etməyə hazır olduğunu bir neçə dəfə bildirib. Bəllidir ki, bu, ritorikadır. Amma orası da bəllidir ki, S.Sarkisyan bu fikirləri özbaşına deməyib, hansısa faktorların təsiri altında etiraf edib. Bu faktor daha çox Rusiya ilə bağlıdır. Rusiya möhkəm təzyiq etsə, Ermənistan qısa müddət ərzində 5 rayonu işğaldan azad edəcək. Ermənistanın antirusiyaçılıqda İrana söykənməsi təkcə bu addımı ilə müəyyənləşmir."
"İranda da başa düşürlər ki, Ermənistanın ABŞ tərəfdən dayağı zəifləyib"
M.Əhmədoğlu onu da bildirib ki, İranın ərazisinə müvəqqəti daxil olan Ermənistan yük maşınlarına zəmanət tarifini 500 dollardan 90 dollara endirməsi vəziyyəti ciddi dəyişməyəcək: "Erməni ekspertləri İranın qanunvericiliyini, daxili qaydalarını bilmədiklərini etiraf edirlər. Ekspertlərin fikrincə, iki ölkə arasında iqtisadi əlaqələrin intensivləşməsi üçün heç də az saylı olmayan problemlərin həlli vacibdir.
Ermənistan ərazisi vasitəsilə (Avropa-Gürcüstan- Ermənistan-İran marşurutu üzrə) multimodal yük daşımaların ilk testinin nəticələrinə Ermənistan və İranın qiymətləri fərqli oldu. Ermənistan testi uğurlu adlandırsa da, İran multimodal yük daşımaların Avropa-Gürcüstan-Azərbaycan-İran marşurutu ilə reallaşacağını bildirdi.
İranın Ermənistana dair belə münasibəti Ermənistanla İran arasında nəzərdə tutulan azad iqtisadi zonalara da şamil edilir".
Beləliklə, politoloq sonda qeyd edir ki, Ermənistan burada bir neçə məqama diqqət yetirməyib və nəzərə almadığı məsələlər hədsiz çoxdur:
I. İran bu regionda kiçik addımlarla iş görür. İran Ermənistanın istədiyini Ermənistanın arzuladığı vaxt çərçivəsində verə bilməyəcək.
II. İran əgər regionda iqtisadi-siyasi və beynəlxalq hüquq normaları arasındakı balansı neqativ istiqamətdə pozacaqsa, özü ziyan çəkəcək.
III. İran Azərbaycana qarşı belə sərt addımlar atmaq niyyətində deyil. Ona görə İran nə qədər yubatsa da, nəhayət ki, Naxçıvan-Məşhəd dəmir yolunu açmalı oldu. Dediklərimiz aydın olsun deyə belə bir fikir işlədək: Ermənistan, hətta İranın tərkibinə daxil olmaqla bağlı qərar qəbul etsə də, İran onu birdən-birə deyil, tədricən və hissə-hissə qəbul edəcək.
IV. Rusiyanın Ermənistanın indiki hakim elitasının siyasi idarəçiliyini dəyişmək istiqamətində addımları effektlidir və göz qabağındadır. Yalnız S.Sarkisyan belə hesab edir ki, Rusiyanın Ermənistanın daxilindəki apardığı siyasəti heç kim başa düşmür.
V. ABŞ-da D.Tramp dönəmi başlayıb. Rusiyanın Dağlıq Qarabağ münaqişəsi regionunda qeyri-müəyyənliyə dözməsi, onun özünə zərbə vura bilər. ABŞ-ın və Fransanın Ermənistandan uzaqlaşması göz qabağındadır. Məhz bu parametrdən başa düşmək olar ki, Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsi uğrunda yarış başlayıb. Ona görə də Lavrov tarixdə ilk dəfə olaraq "işğal olunmuş ərazilər" terminini işlətdi. D.Trampın İranla da bağlı siyasətinin necə olacağı bəlli deyil. İranda da başa düşürlər ki, Ermənistanın ABŞ tərəfdən dayağı zəifləyib. İran bu amili nəzərə alaraq, Ermənistanı özününküləşdirmə siyasətini gücləndirə bilər. Hadisələrin belə inkişaf ehtimalını Rusiyada da görürlər.
Rövşən NURƏDDİNOĞLU