"Ötən gün "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlər, eyni zamanda Azərbaycan prezidenti tərəfindən hökumət və yerli icra orqanları qarşısında irəli sürdüyü tapşırıq və göstərişlər ondan xəbər verir ki, 2017-ci ildə regionların sosial-iqtisadi inkişafı və xarici investisiyaların cəlbi edilməsi prioritet olacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Hər ilin əvvəlində Azərbaycan Prezidentinin iştirakı ilə dövlət proqramının icrası ilə bağlı müşavirənin keçirildiyini xatırladan V. Bayramov qeyd edib ki, sözügedən konfranslarda son 1 ildə görülən işlər müzakirə edilməklə yanaşı, hökumətin qarşıdakı öhdəlikləri də müəyyənləşir: "Ölkə prezidentinin iştirakı ilə belə bir tədbirin keçirilməsi ondan xəbər verir ki, Azərbaycanda dövlət proqramlarının icrası ilə bağlı siyasi iradə mövcuddur. Dövlət başçısı dövlət proqramının icrası ilə bağlı məsələləri yaxından izləyir və proqramın yüksək səviyyədə icrasının təmin edilməsi üçün mütəmadi olaraq tapşırıqlarını icra hakimiyyət orqanlarına bildirir".Azərbaycanın post-neft dövrünə keçdiyini dilə gətirən iqtisadçı-ekspert belə bir dövrdə regionların inkişafının daha aktual olduğunu deyib: "Bu aktuallıq özünü həm də regionlara xarici sərmayənin cəlb edilməsinin prioritet olduğunu göstərir Azərbaycan Prezident bundan əvvəlki görüşlərində də məhz hər bir icra başçısına xarici investoru öz rayonuna cəlb edilməsi ilə bağlı tapşırığı vermişdi. Prezident hər bir rayonun fəaliyyətini həmin rayonda açılan iş yerlərinin sayına uyğun olaraq qiymətləndirəcəyini bildirmişdi. Bu gün regionların inkişafı və regionlarda xüsusən də yeni iş yerlərinin yaradılması xarici investisiyaların cəlb edilməsi prioritetdir. İnfrastruktur formalaşıb və formalaşan infrastruktur artıq növbəti mərhələdə birmənalı şəkildə xarici investisiyaların cəlb edilməsinə zəmin yaratmalıdır. Bu aspektdən təbii ki dövlət proqramı kifayət qədər əhəmiyyətli bir sənəddir. Həm infrastrukturun formalaşdırılmasına imkan yaradır, həm də proqramda olan fəaliyyətlər nəticə etibarı ilə yerli icra orqanları qarşısında xüsusi öhdəliklərin müəyyənləşməsinə imkan verir. Bundan əlavə dövlət proqramı regionlarda yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətli hesab edilir".Sözügedən konfransda Azərbaycan Prezidentinin son illər ölkəmizdə milli biznesin və milli sahibkarlığın formalaşması ilə bağlı fikirlərinə toxunan V. Bayramov vurğulayıb ki, milli biznes və milli sahibkarlığın formalaşması qarşıda duran əsas hədəflərdəndir: "Dövlət proqramı çərçivəsində təkcə paytaxtda deyil, eləcə də regionlarda milli biznesin formalaşması istiqamətində fəaliyyətlər həyata keçirilir. Hazırkı post-neft dövrünün çağırışlarına uyğun olaraq milli biznesin dəstəklənməsi ölkənin əsas prioritetləri siyahısına daxildir. Eyni zamanda investisiya təşviqi sənədinin tətbiq edilməsi, regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştlərin müəyyən edilməsi və bir sıra digər təşviqedici addımların atılması ondan xəbər verir ki, əvvəlki dövrlərdə olduğu kimi növbəti illərdə milli biznesin inkişafı əsas prioritetlərdəndir".
sia.az