"Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıtması böyük qayıdışın başlanğıcı, Azərbaycanın qələbəsinin davamıdır. Cənab Prezident İlham Əliyev göstərişi ilə səfirlərin və xarici dilomatik nümayəndələrin oraya səfər etmələri üçün müraciət olunub. Bütün dünya ictimaiyyəti ermənilərin orada hansı vandalizmlər törətdiklərini görməlidir". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.O qeyd edib ki, ermənilərin işğal olunmuş ərazilərimizə beynəlxalq təşkilatların nümayəndələrini buraxmamalarının səbəbi onların vandalizm və saxtakarlıqlarının dünyaya daha çox yayılmasından qorxmaqlarından irəli gəlir: "Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı Tərtərdə, Ağcabədidə, Ağdamda ermənilər tərəfindən bir çox vətəndaş obyektləri və mənzilləri dağıldılmışdı. Azərbaycan dövləti onların hamısının bərpasını təmin etdi. Cənab Prezident ailə üzvləri ilə birlikdə bərpa işlərinin necə yekunlaşması ilə bağlı həmin ərazilərdə oldu. Aprel hadisələri vaxtı Azərbaycan Xarici İşlər Nazirliyi və digər diplomatik kanalların xətti ilə ölkəmizdə olan hərbi attaşelər, eyni zamanda səfirliklərin nümayəndələri həmin ərazilərdə oldular və ermənilər tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə gördülər. Bundan sonra ermənilərdə onların vadalizmlə məşğul olduqlarının dünyaya yayılması qorxusu yarandı. Son zamanlar Ermənistan tərəfdən işğal olunmuş ərazilərimizdə mədəniyyət, tarixi abidələr, infratrukturun dağıdılması haqqında film və şəkillər bütün dünyada yayımlanır. Ermənilər işğalda olan torpaqlarımızda saxtakarlıqla öz izlərini qoymaq istəyirlər. Ona görə çalışırlar ki, beynəxlalq təşkilatların nümayəndələri orada iştirak etməsinlər. Ancaq Azərbaycan bütün dünyaya erməni vəhşiliklərini nümayiş etdirəcək".
sia.az