"ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi irəliləyiş görünmür". SİA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın qurumdakı daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib.
O deyib ki, Avropaya baxanda bir sıra dondurulmuş münaqişələr var: "Onların bəzilərində - Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə onlar fəaliyyət göstərmir və bu işlə daha çox ATƏT məşğul olur, bəzən isə heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə ilə bağlı uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsinin həllində də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var".
Diplomat bildirib ki, təəccüblü olsa da, BMT-nin Avropada təhlükəsizlik və münaqişələr mövzusundakı rolu neçə illərdir nəzərdən keçirilmir.
Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay ərzində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
sia.az