PDF Oxu

Siyasət

  • 310

Güclü iqtisadiyyatın təminatı - ərzaq təhlükəsizliyi sahibkarlıq faktoru

Güclü iqtisadiyyatın təminatı - ərzaq təhlükəsizliyi sahibkarlıq faktoru

İlham Əliyev: "Biz bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq etməliyik"

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Bu mənada, yanvar ayının 30-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev çıxışı zamanı ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində olduğunu bildirmişdir: "Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur. Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur".

Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik".

Dövlət başçısı, qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: "Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır".

Dövlət başçısı çıxışı zamanı strateji səhə olan taxılçılığa da toxunub: "Hazırda Azərbaycan 53 faiz özünü taxılla təmin edir və bu göstərici artırılmalıdır. İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir".

Dövlət başçısının sözlərinə görə, bir tərəfdən, əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik: "İdxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik".

Dövlət-sahibkar münasibəti dəha da dərinləşir

Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının son zamanlar imzaladığı sənədlər və çıxışlarını sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar.

Son illərdə Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Konfransda Prezident İlham Əliyev əlavə edib ki, investisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var: "Əgər investor hansısa iş görmək istəyirsə, görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt ora investisiya qoymaz. Yaxud heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz, bu, dövlətin işidir. Biz bunu görmüşük. Daxili və xarici investorlar üçün. O ki qaldı, daxili biznes qurumlarının fəaliyyətinə, deyə bilərəm ki, bu illər ərzində Azərbaycanda güclü biznes sinfi - fəal, milli biznes sinfi formalaşıb. Əlbəttə ki, dövlət də bu sahədə öz dəstəyini əsirgəmir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğul oluram. Onlara həmişə siyasi və maddi dəstək də verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir iş görmək mümkün deyil. Bir də ki, riskli yerlərə, ölkələrə heç bir biznesmen, iş adamı heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddı dəstək - bax bu, faktorlar, hesab edirəm ki, milli biznes sinfini formalaşdırır. Son illər ərzində, 2004-cü ildən bu günə qədər təxminən 2 milyard manat dəyərində Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək verib. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni artıq dövlət bu yükü öz üzərindən kənara qoyub. Məqsəd də ondan ibarətdir ki, hər il böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq, bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı, vaxt gəldi ki, artıq dövlət büdcədən pul ayırmır və qaytarılmış kreditlər hesabına biz bunu edirik".

Əlbəttə ki, bütün bu uğurlu nəticələr, onu deməyə əsas verir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər