"Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin əlinə keçən Elnur Hüseynzadə ilə bağlı kifayət qədər operativ və dəqiq məlumat verib. Ona görə də bizim media qurumları ölkəmizin rəsmi münasibətini nəzərə alıb, xəbər yaymalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, düşmən tərəfinin təxribat xarakterli, məkrli, hiyləgər yalan məlumatını yaymaq kökündən səhf bir hərəkətdir: "Düşmən tərəfi həm mətbuatda, həm beynəlxalq aləmdə dezinformasiya yaymaqla məşğul olur, bizim mediamız onlara istinad edəndə diqqətli olmalıdır. Təxribat xarakterli informasiyaları yaymaq olmaz".
Millət vəkili əlavə edib ki, Müdafiə Nazirliyi Elnurun hərbçi olmadığını, ordudan çoxdan təxris edildiyini açıqlayıb: "Elnur mülki şəxsdir, onun hansı şəraitdə girov düşməsi barədə məndə dəqiq məlumat yoxdur, amma bu şəxsin Silahlı Qüvvələrə aidiyyatı yoxdur. Ermənilər də bundan təxribat xarakterli dezinformasiyalar yaymaq, cəmiyyətdə çaşqınlıq yaratmaq və digər çirkin məqsədlər üçün istifadə edirlər. Bizim media isə ayıq-sayıq olmalı, düşmən tərəfin dərc etdiyi hər xəbəri verməməlidir".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.
sia.az