Biz sevinirik ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılacaq. Şübhəsiz, bu fakt bizim tərəfdaşlığımızın strateji səviyyəsinə və ticari-iqtisadi əlaqələrin davamlı olmasına sübutdur.Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bu fikirləri Azərbaycanın Rusiyada ilk ticarət nümayəndəsinin təyin edilməsi barədə xəbəri şərh edərkən söyləyib.Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi deyib: "Qeyri-neft sektorunun inkişafı və qeyri-xammal sektorunda ixracın artırılması Azərbaycan Respublikası hökumətinin qeyd-şərtsiz prioritetidir. Azərbaycan rəhbərliyinin bu məsələlərin həlli üçün necə səy göstərdiyini görürük və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəlikləri kimi yeni təsisatın fəaliyyətə başlaması, heç şübhəsiz, Azərbaycan mallarının və xidmətlərinin beynəlxalq bazarlara çıxarılması üçün əsas vasitə olacaq".Eldar Tlyabiçevin sözlərinə görə, Rusiyanın ticarət nümayəndəlikləri təsisatı təxminən bir əsrlik tarixə malikdir. Bu nümayəndəliklərin coğrafiyası isə bütün qitələri əhatə edir. Hazırda dünyanın 55 ölkəsində, Rusiyanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. O cümlədən Azərbaycan Respublikasında Rusiyanın ticarət nümayəndəliyinin yaradılmasından on ildən çox keçib. 2016-cı ilin əvvəli üçün olan məlumata görə, Rusiyanın ticarət nümayəndəlikləri ümumilikdə üç milyard ABŞ dollarına yaxın məbləğdə layihələr həyata keçiriblər.E.Tlyabiçev deyib: "Əminəm ki, ticarət nümayəndəlikləri təsisatının yaradılması ixracın həcminin artırılmasında, Azərbaycan məhsullarının satış coğrafiyasının genişlənməsində mühüm rol oynayacaq və Azərbaycan Respublikasının qeyri-xammal sektorunun inkişafına şərait yaradacaq".Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiya olub. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,05 milyard ABŞ dollarına bərabər olub (Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə bütün dünya ölkələri arasında 2-ci yer), bu məbləğin 410 milyon ABŞ dolları Azərbaycandan Rusiyaya ixracın payına (Azərbaycandan ixracın ümumi həcmində 8-ci yer), 1,64 milyard ABŞ dolları isə Azərbaycana Rusiyadan idxalın payına düşüb (Azərbaycana idxalın ümumi həcmində 1-ci yer). Azərbaycandan ixracın əsas hissəsi ənənəvi şəkildə kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəz və konserv məhsullarının payına düşüb, Rusiyadan isə əsasən maşın və avadanlıq, ərzaq malları, qara metal, dərman preparatları və taxta-şalban materialları olub.
AZƏRTAC