PDF Oxu

Siyasət

  • 332

Siyavuş Novruzovun fikirlərinə müxalifətdən dəstək

Siyavuş Novruzovun fikirlərinə müxalifətdən dəstək

ADP sədri Sərdar Cəlaloğlu: "Biabırçılıqdır ki, biri öz partiyasını müəyyən məbləğə başqasına satır...Partiya bir əldən başqa ələ keçir"

Bir müddət öncə, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Azərbaycanda bəzi imkanlı şəxslərin siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxladıqları barədə irəli sürdüyü fikirləri ictimai marağa səbəb olmuşdu. YAP rəsmisinin sözlərinə görə, bu kimi halların baş verməsi siyasi təşkilatların biznes predmetinə çevrilməsinin aşkar göstəricisidir. "Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib"-deyə qeyd edən Siyavuş Novruzovun sözlərinə görə, imkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Lakin o, əlində olan nümunələrin də olduğunu deyərək, hələlik, həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmədiyini də qeyd edib.

Buna baxmayaraq, YAP İcra katibinin müavini sözügedən prosesin hansı üsulla reallaşdırılmasına aydınlıq gətirib. SİTAT: "Azərbaycanda qeydiyyatdan keçmiş partiyalar var və onlar fəaliyyət göstərmirlər. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edir və partiyanı alır. Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır. Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə, partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır".

Siyavuş Novruzov: "Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir"

Millət vəkili, eyni zamanda, vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların qeydiyyatı ləğv olunacaq. Belə ki, Azərbaycanda 100-ə yaxın partiyanın olmasına baxmayaraq, onlardan yalnız 54-ü qeydiyyatdan keçib. 46 partiyanın qeydiyyatı isə, ümumiyyətlə, yoxdur. Lakin qeydiyyatda olan partiyaların da çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. "Partiya nizamnaməsinin qarşıya qoyduğu tələblər-seçkidə iştirak, kadrların hazırlanması, alternativ layihələrin verilməsi və digər bu formada olan məsələlər yerinə yetirilmir"-deyə qeyd edən Siyavuş Novruzov onların heç bir işlə məşğul olmadıqlarını deyib: "Ancaq aradabir bəyanat verməklə, funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan, dünyanın hər yerində, məsələn, Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir".

ADP sədri Sərdar Cəlaloğlu: "Elə partiyalar da mövcuddur ki, adı var, heç bir fəaliyyəti yoxdur, oliqarxlar, imkanlı şəxslər həmin partiyanı 10-15 min manata sədrindən alıblar"

Bu arada hakim partiya yetkilisinin sözügedən fikirləri müxalifət cameəsi tərəfindən də dəstəklənib və təsdiqlənib. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müxalifətyönlü medialardan birinə açıqladığı fikirlərinə görə, Azərbaycanda dövlət qeydiyyatından keçmiş 54 partiyanın yarıdan çoxunun heç bir fəaliyyəti yoxdur. SİTAT: "Həqiqətən də, bəzi maddi imkanı yüksək olan şəxslər pulla həm partiya, həm QHT, həm qəzet, həm sayt alır. Azərbaycanda hər şey iqtisadi maraqlara tabe etdirilib. Biz də bilirik ki, hansı partiyalar alınıb və kimə xidmət edir. Hətta bəzi fəaliyyətdə olan partiyaların da hansı oliqarxın partiyası olduğunu da bilirik. Elə partiyalar da mövcuddur ki, adı var, heç bir fəaliyyətləri yoxdur, oliqarxlar, imkanlı şəxslər həmin partiyanı 10-15 min manata sədrindən alıblar".

S.Cəlaloğlu məsələyə özünəməxsus şəkildə yanaşma edərək, maraqlı təsvir də edib. Məsələn, onun sözlərinə görə, "həmin imkanlı şəxslər partiyaları ona görə əldə edirlər ki, bir gün Əli İnsanov kimi dara düşərlərsə, onun işi siyasiləşsin, siyasi partiya təsisçisi və ya sədri kimi peyda olsun və özünə qarşı atılan addımlara siyasi don geyindirə bilsin".

ADP sədri bunu biabırçılıq sayır: "...Biabırçılıqdır ki, biri öz partiyasını müəyyən məbləğə başqasına satır...Partiya bir əldən başqa ələ keçir".

"Onların adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər"

Cəlaloğlu deyib ki, bu gün cəmi 4-5 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur: "Əgər biz bu gün 54 dövlət qeydiyyatında olan partiyadan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da, həmin 54 partiyanın təxminən 40-ının, sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Onların adları belə, cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər".

ADP sədri, həmçinin bildirib ki, əgər bir partiyanın sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyibsə, deməli, yox kimidir: "Ona görə də, belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır. Amma bu barədə qərar qəbul edilərkən qurunun oduna yaş yanmamalıdır - az-çox fəaliyyəti olan və hakimiyyətə müxalifətdə olan partiyalara problem yaradılmamalıdır. Bizim yeganə narahatlığımız bundandır. Yoxsa, biz də dəfələrlə bəyan etmişik ki, süni şəkildə partiya çoxluğu yaradılmamalıdır və varlığı görünməyən partiyaların qeydiyyatı ləğv edilməlidir. Artıq keçid dövrü arxada qalıb, pis-yaxşı 25 ildir Azərbaycanda siyasi həyat yaşayırıq və süni şəkildə partiya çoxluğu görüntüsünə ehtiyac yoxdur. Dövlət qeydiyyatında olan elə partiyalar var ki, özləri real həyatda olmadığı kimi, sədləri belə həyatda deyillər, ölüblər, amma adları partiya sədri kimi hələ də qalır. Belə partiyaları Ədliyyə Nazirliyinin qeydiyyatda saxlaması mənasızdır".

Göründüyü kimi, YAP rəsmisinin bəlli fikirlərinin müxalifətçi partiya sədrləri tərəfindən də dəstəklənməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı islahatların aparılması reallaşa bilər. Bu, həm də ölkənin siyasi həyatına öz yeni və müsbət təsirlərini göstərə bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər