Prezident İlham Əliyev Belçika Krallığına səfər edib
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gəlib. Brüsselin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Avropa İttifaqının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər. Vaterlo şəhərinin meri Florans Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.
Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb. Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməkdən məmnun olduğunu dedi. Vurğuladı ki, dövlətimizin başçısının Brüsselə səfər proqramı çox zəngindir və səfər zamanı Avropa İttifaqının yüksək səviyyəli rəhbər şəxsləri ilə görüşləri mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmini vurğuladı. Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlətimizin başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladı, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi onun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd etdi, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə işçi səhər yeməyi edib.
Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd etdi, Avropa İttifaqında dövlətimizin başçısının keçirdiyi görüşlərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmli olduğunu bildirdi.
Azərbaycan ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan Federika Moqerini "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Federika Moqerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd etdi və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini dedi.
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirdi. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu söylədi. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, energetika, nəqliyyat, təhlükəsizlik, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Fevralın 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belçika Kralı Filipin görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Dövlətimizin başçısının bu səfərinin həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi. Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulandı, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi. Vurğulandı ki, dövlətimizin başçının bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd etdi ki, Azərbaycan Prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq. Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturları ilə əməkdaşlığından məmnunluq ifadə olundu, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirildi.
Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verdi, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd etdi. Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açıldı, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirildi, digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub. Sonra dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti işçi lanç ediblər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk mətbuata birgə bəyanatla çıxış ediblər.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatı:
-Prezident Əliyev, bu gün Sizi Brüsseldə salamlamaqdan məmnunam. Görüş həqiqətən də məhsuldar və yaxşı keçdi. Düşünürəm ki, dostlar arasında bu, normal haldır. Mühüm məsələləri müzakirə etmək imkanına görə Sizə çox təşəkkür edirəm.
Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir.
Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq. Danışıqlar zamanı mən insan haqları və əsas azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım.
Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulayırıq.
Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir.
Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz. Münaqişənin hərbi yolla həlli yoxdur və o, beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir. Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram. Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək. Cənab Prezident, bir daha Brüsselə gəldiyiniz üçün təşəkkür edirik, söz sizindir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı:
-Sağ olun cənab prezident. Öncə dəvətinizə görə minnətdaram. Mən Avropa İttifaqına səfər etməkdən və əməkdaşlığımıza aid olan mühüm məsələləri müzakirə etməkdən çox şadam. Sizin 2015-ci ildə Azərbaycana etdiyiniz uğurlu səfər yadımdadır. Səfər zamanı biz əməkdaşlıq perspektivlərini müzakirə etdik. Çox məmnunam ki, sabahdan siz qeyd etdiyiniz kimi, yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.
Əlbəttə, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Biz "Cənub Qaz Dəhlizi" layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik.
Cənab prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul etdiyi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı.
Bu gün biz daşımalar sahəsində gələcək potensial əməkdaşlığı da müzakirə etdik. Bu, Şərq Tərəfdaşlığı və Avropa ölkələri üçün cəlbedici ola biləcək mühüm layihədir. Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut ümid edirik ki, bu il artıq istifadəyə veriləcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq.
Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Bunu qeyd etdiyinə görə cənab prezidentə minnətdaram. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.
Onu da qeyd etmək istəyirəm ki, bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdə bir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Bu gün əməkdaşlığımızın tarixində əlamətdar bir gündür. Çünki işbirliyimizin yeni səhifəsini açırıq. Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirməyəcək, sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər. Çox sağ olun.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.