PDF Oxu

Siyasət

  • 311

“Azərbaycan Aİ ilə münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır” Millət vəkili

“Azərbaycan Aİ ilə münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır” Millət vəkili

"Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların başlaması hər iki tərəf üçün vacibdir". Bunu SİA-ya açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. O xatırladıb ki, daha əvvəl gündəmdə olan assosasiya sazişi standart bir sənəd idi: "Faktiki olaraq bu sənəd əsasında Avropa İttifaqı özünü bir müəllim kimi və sanki şagirdi ilə saziş bağlayırdı. Həmçinin, Aİ bu sazişdə bizim üçün əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe əks etdirməkdən boyun qaçırırdı. Bundan əlavə, sənəd Azərbaycan, Ukrayna və digər ölkələr üçün Rusiya, İran ilə münasibətlərdə müəyyən məhdudiyyətlər qoyurdu. Ukrayna assosasiya sazişini imzalamaq istədi, sonra geri çəkildi, ölkədə inqilab baş verdi. İndi görün nə vəziyyətdədir. Ermənistan ora-bura vurnuxdu və sonda Rusiyanın təzyiqi ilə assosasiya sazişindən imtina etdi. Azərbaycan isə əvvəlcədən gördü ki, burda böyük qazancı yoxdur, assosasiya sazişi ancaq başağrısı gətircək, ona görə bu sənəddən imtina etdi. Amma bu o demək deyil ki, bizim Aİ ilə əlaqələrimiz saziş əsasında nizamlanmamalıdır. Çünki bu əlaqələr həm Azərbaycan, həm Avropa İttifaqı üçün olduqca vacibdir".

Politoloq əlavə edib ki, Aİ ilə energetika, mədəniyyət, təhsil, turizm, biznes sahələrində əlaqələrimizn olması vacibdir: "Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, ordan bizə investisiya, texnika, texnologiyalar gəlir. Ona görə də təklif olundu ki, ikitərəfli strateji saziş əsasında münasibətlərimiz nizamlansın. Əvvəlki sənəd 1996-cı ildə qəbul olunmuşdu, təbii ki, hazırkı şərtlərə cavab vermir. İndi yeni sənəd üzrə danışıqlar başlayır. Həmin sənəddə həm Azərbaycanın, həm də Aİ-nin istəkləri əks olunmalıdır. Amma burda hansısa ideoloji istəklər kənara qoyulmalıdır".

R.Musabəyov hesab edir ki, nə Ukraynanın, nə Gürcüstanın vizasız sazişdən başqa Azərbaycanın Aİ ilə münasibətlərindən heç bir üstünlükləri yoxdur: "Sadəcə olaraq bu ölkələr Aİ qarşısında əllərini açıb hansısa pul yardımı alırlar. Onlar üçün bu vacibdirsə, Azərbaycan o pula görə Aİ-nin qarşısında başıaşağı durmaq niyyətində deyil. Xüsusilə nəzərə alsaq ki, bizim çox ağrılı bir problemimiz var və onun həlli üçün prinsipial mövqe istəyirik. Bizə verilən 50 milyon avro qarşılığında bu məsələnin üstündən təbii ki, keçən deyilik. Bu mənada Azərbaycan ikitərəfli münasibətləri bərabər şəkildə qorumağın tərəfdarıdır və bu, vacibdir . Qarşılıqlı maraqlar var, energetika sahəsində layihələr həyata keçirilir. Bu layihələr Azərbaycan qədər Aİ üçün də vacibdir. Cənub Qaz Dəhlizi imkan verir ki, Avropanın Rusiyadan, Yaxın Şərqdən enerji asıllığı aşağı düşsün. Bizim üçün də Aİ bazardır, texnologiyadır. Vizasız rejimllə bağlı da danışıqlar gedir və bu, Azərbaycan üçün vacibdir. Amma qeyd edilən məsələ də qarşılıqlı maraqlar əsasında həllini tapsın".

sia.az

Digər xəbərlər