"Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizin və Avropa İttifaqının çoxşahəli münasibətlərini əhatə edən yeni saziş üzərində əməkdaşlığın ilk mərhələsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə deyib.Azərbaycan Avropa İttifaqı arasında enerji sahəsində tərəfdaşlıqla bağlı müvafiq sazişin imzalandığını xatırladan millət vəkili söyləyib ki, imzalanacaq yeni saziş iki tərəf arasında əməkdaşlığı daha da möhkəmləndirəcək: "Bilirsiniz ki, sazişin üzərində iş başlayıb. Düşünürəm ki, Azərbaycanla Aİ arasında həm iqtisadi, həm humanitar, həm də siyasi sahədə tərəfdaşlıq hər iki tərəfə ciddi uğurlar gətirəcək. Azərbaycan üçün Avropa İttifaqı ölkələri ticari nöqteyi nəzərdən əsas tərəfdaşdır. Ölkəmizin Avropa İttifaqı ilə ticari dövriyyəsi demək olar ki birinci yerdədir".A. Mollazadənin sözlərinə görə, Azərbaycanın modeli, tolerantlığı, tarixən ilk dünyəvi dövlət, eləcə də böyük əməkdaşlıq təcrübəsiə malik olması Avropa İttifaqı üçün çox mühüm amildir. Bundan əlavə, ölkəmiz Şərqlə Qərbi birləşdirən İpək Yolu nəqliyyat sistemini formalaşdırır ki, bunun özü də Avropa İttifaqı üçün çox önəmlidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidentinin Brüsselə səfəri münasibətlərin yeni mərhələsi istiqamətində ciddi addımdır. Mən əminəm ki, bu əməkdaşlıq həm Avropa İttifaqı ölkələri, həm də Azərbaycanın inkişafına mühüm töhfələr verəcək".Millət vəkili əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ora daxil olan ölkələr tərəfindən ölkəmizə qarşı olan informasiya müharibəsinin qarşısının alınmasında da böyük rol oynaya bilər: "Avropa İttifaqı Azərbaycana qarşı olan təcavüz, eləcə də beynəlxalq hüquq normalarının pozulması ilə bağlı səsini ucalda bilər. Bu bizim üçün əhəmiyyət kəsb edir. Bundan başqa, bir sıra Avropa ölkələri ölkəmizə qarşı informasiya müharibəsi aparır, çox zəngin və təşkilatlanmış erməni diasporası Azərbaycan haqqında yalan, iftiralar yayır ki, sözügedən əməkdaşlığın genişləndirilməsi bunun qarşısının alınması üçün çox ciddi addım sayıla bilər".
sia.az