İlham Əliyev: "Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir"
Azərbaycanın kosmik məkana daxil olduğu vaxtdan 4 il ötür. 8 fevral 2013-cü ildə müstəqillik tariximizdə ən önəmli hadisələrindən olan Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxılmasıdır. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Prezident İlham Əliyevin 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" barədə Sərəncam imzalaması və 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin prioritetliyini bir daha göstərmişdir. Eyni zamanda, 2013-cü ildə ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili"nin elan edilməsi də bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur. Bütün səylər ölkəmizin ilk süni peyki olan "Azerspace-1"-in hazırlanmasına və orbitə buraxılmasına yönəldi. Beləliklə, 2013-cü il fevralın 8-də Azərbaycan Respublikasının ilk peyki - "Azerspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı. Bu hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirildi. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edərək, bu hadisənin tarixi gün olduğunu bildirdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə, onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".
Prezident bildirib ki, gələcəkdə yeni peyklərin orbitə çıxarılması istiqamətində də fəal iş gedir. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq. İlham Əliyev: "İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcəkdir. Yəni bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaqdır. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün - 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Eşq olsun Azərbaycana!"
Peyk sənayesi - dünyada ən səmərəli və gəlirli biznes
Nəticələr göz qabağındadır. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən, 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard ABŞ dolları olub. Son 5 ildə dünya peyk sənayesinin gəlirləri davamlı olaraq artmışdır və bu artım qlobal maliyyə böhranına baxmayaraq, hər il orta hesabla 9 faiz təşkil edib. Göründüyü kimi, bir çox ölkələr və iri transmilli şirkətlər, məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar. Dünyada çoxsaylı peyklərə malik ölkələr və şirkətlər çoxdur. Ancaq son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır. Qeyd edək ki, "Azerspace-1" peykinin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəyəcək, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq.
Beləliklə, Azərbaycan peykinin orbitə buraxılması ölkənin hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən son texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Ən əsası, bu tarixi uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir. Etiraf edək ki, bu, doğurdan da, tarixi uğurdur!
RƏFİQƏ KAMALQIZI