Siyavuş Novruzov: "Müxalifətçilər pula görə saçyolduya çıxırdılar"
Sirr deyil ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları, mütəmadi olaraq, qanunun tələblərini pozurlar. QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. Daha dəqiqi, onlar siyasi partiyalarla birgə siyasi oyunlara girib, sözdə "layihələr" həyata keçirdiklərini bəyanlayırlar. Aparılan araşdırmalar göstərir ki, barəsində söhbət açılan QHT-lər, əsasən, Qərbdən qrantlar alır, onların verdiyi maliyyə hesabına müxtəlif layihələr həyata keçirirlər. Özü də belə QHT-lərlə bağlı hər hansı qanunun tələbləri tətbiq olunanda, dərhal onların müdafiəçiləri də peyda olurlar. Onları müdafiə edən şəxslər isə Avropa Parlamentində, Avropa Şurasında və insan hüquqları ilə məşğul olan digər beynəlxalq təşkilatlar arasından tapılır. Bu da düşünməyə əsas verir ki, nədən bu təşkilatları xarici donorlar beləcə sıx şəkildə müdafiə edirlər. Çünki xaricdən qrant alan QHT-lər, məhz Qərbin buradakı maraqlarına dəstək vermək üçün çalışırlar.
"Onlar "kimdən çox aldım" prinsipi ilə hərəkət edirlər
Son günlər qrant alverçiləri olan AXCP-də, Müsavat da, "REAL" da, Emin Milli də, Xədicə İsmayıl da, Leyla Yunus da qrantla bağlı şivən qoparmaları ilə bağlı məsələyə münasibət bildirən
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov qrantla bağlı saçyoldusuna çıxırlar: "Bu gün AXCP də, Müsavat da, "REAL" da, Emin Milli də, Xədicə İsmayıl da eyni funksiyanı yerinə yetirir. Bu adamlara fərqi yoxdur. Bazarda kim daha çox qiymət verirsə, onlara işləyirlər".
S.Novruzov onu da vurğulayıb ki, bunlar üçün dövlət, dövlətçilik, xalqın mənafeyi, gənclərin düzgün tərbiyə olunması heç bir əhəmiyyət daşımır: "Onlar "kimdən çox aldım" prinsipi ilə hərəkət edirlər. Belə adamlar istənilən ölkə ilə əlaqə saxlaya, işləyə və əməkdaşlıq edə bilərlər. Məsələn, Tale Bağırovun Azərbaycan Xalq Cəbhəsi, Əli Kərimliyə heç bir aidiyyəti yoxdur. Bu adam dini ekstemizmə görə cinayət məsuliyyətinə cəlb olunub. Taleh Bağırovu müdafiə edənlər ona pul ayırırdı. Əli Kərimli bu pulu ələ keçirən kimi dərhal ona dəstək verdi. Yaxşı yadımdadır, vaxtilə Azərbaycanda bir imkanlı şəxs törətdiyi cinayətə görə həbs olunanda, hüquq müdafiə təşkilatları və müxalifətçilər onu müdafiə etmək, pul qoparmaq üçün saçyolduya çıxırdılar. Bu insanlar hansısa yetimin, imkansızın, müəllimin, həkimin müdafiəsinə qalxmazlar".
İctimai-siyasi sabitlik - xalq-iqtidar birliyinin iəntiqi nəticəsidir
S.Novruzov vurğulayıb ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi mövcuddur: "Bütün bunlar, Azərbaycanın inkişafı, ölkədə gedən islahatlar, sosial problemlərin həll olunması, qaçqın və məcburi köçkünlərlə bağlı qəbul edilən qərarlar, Cocuq Mərcanlı kəndinin bərpası ilə qaçqınların hissə-hissə öz yurdlarına geri qayıtmağa başlanması, Azərbaycan Ordusunun qüdrətinin artması, ölkə başçısının sərhəd bölgələrində olması, hərbiçilərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı proqramının davamlı şəkildə həyata keçirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, ümumilikdə, qeyri-neft sektorunun inkişafı, struktur islahatlarının aparılması ilə bağlıdır. Bütün bunlar bizim xaricdə olan düşmənlərimizi, xüsusilə, erməniləri narahat edir. Ona görə də, buradakı əlaltılarını qızışdırıb ortaya çıxarmağa çalışırlar ki, iğtişaş yaratsınlar. Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. İctimai-siyasi sabitlik olan yerdə inkişaf gedir. Əgər bu yoxdursa, istənilən qədər təbii sərvətin olsa belə, nəticəsi yoxdur. Bu baxımdan, ölkədə möhkəm ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi var. Bütün Azərbaycan xalqı ölkə başçısını dəstəkləyir. Bu isə, onları narahat edir. Bunun nəticəsi olaraq da ayrı-ayrı bəhanələrlə ortalığı qızışdırmağa çalışırlar. Təbii ki, xaricdən aldıqları pulların hesabına bunu edirlər".
Göründüyü kimi, bu gün qondarma hüquq müdafiəçiləri leyla və arif yunuslar, eminlər, intiqamlar, cəfərlər... bütün fəaliyyətlərini Azərbaycan dövlətinin maraqları əleyhinə yönəldiblər. "Hüquq müdafiəçisi" adı altında maskalanan və fəal anti-Azərbaycan mövqeyində olan bu şəxslərlə əməkdaşlığa həvəsli olan erməni dairələr asanlıqla dil tapa biliblər və onlar üçün Vətən, millət, xalq anlayışları olmadığı üçün, təklif olunan vəsaitlər müqabilində asanlıqla müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. "Hüquq müdafiəçisi" libasına bürünmüş belə qrant dəllalları hər cür alçaqlığa qatlamağı ortaya qoymağa hazar olan satqınlardır.
Beləliklə, görünür, qrant uğrunda mübarizə dərinləşdikcə, hələ daha çox təhqir və özünüifşaların şahidi olacağıq.
Rəfiqə HÜSEYNOVA