Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən, baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.
Ermənistanın şəhidin cənazəsini uzun müddətdən sonra verməsinin arxasında, təbii ki, Sarkisyan rejiminin bir daha terrorçu bir dövlət başçısının olduğunun təsdiqi sayıla bilər.
Millət vəkili Tahir Mirkişili: "Bu bəsit bir terrorçu dünyagörüşüdür"
- Ermənistanın özünün də imza atdığı beynəlxalq konvensiyalara görə Azərbaycan əsgərinin cənazəsinin bu qədər müddətə saxlanılması bütün beynəlxalq qaydalara ziddir. Bu, həm də bütün dünyanın əməl etdiyi humanitar prinsiplərə ziddir. Bu cür davranış yalnız terrorçulara xasdır. Ermənistan daha öncə də bir neçə dəfə Azərbaycan şəhidlərinin cənazələrinin verilməsini bu cür uzatmışdır. Əslində, qəhrəman əsgərlərimizin Ermənistanda yaratdığı qorxu o qədər yüksəkdir ki, şəhidlərimizin cənazəsindən belə qorxaraq, onları girov saxlayırlar. Bu, bəsit bir terrorçu dünyagörüşüdür.
Politoloq Qabil Hüseynli: "Sarkisyan qeyri-insani hərəkəti ilə ermənilərin vandal bir millət olduğunu göstərdi "
- Azərbaycan dövləti şəhidimizin işğalçı Ermənistanda olan cənazəsinin geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xac Cəmiyyəti ilə və digər beynəlxalq təşkilatlarla gərgin danışıqlar apardı. Avropa Şurası da bu işə qarışdı, Avropa İttifaqı bu məsələdə fəallıq nümayiş etdirdi. Başda Prezidentimiz olmaqla, Azərbaycanın xarici diplomatik korpusları bu məsələnin müsbət həlli üçün əllərindən gələni etdilər. Ermənistan şəhidin cənazəsinin uzun müddət sonra verməsinin arxasında Sarkisyan rejiminin bir daha terrorçu bir dövlət başçısı olduğunun təsdiqi olduğunu demək olar. Bir sözlə, Sarkisyan qeyri-insani hərəkəti ilə ermənilərin vandal bir millət olduğunu göstərdi. Ermənilərin bu cür hərəkəti hər cür nifrətə layiqdir. Əminliklə demək olar ki, işğalçı ölkə olan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq.
GÜLYANƏ