İlham Əliyev: "Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik"
Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifahı amilidir. Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.
Əhalinin, xüsusən də, onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən, əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması məsələsinə mühüm önəm verilir. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sosial siyasətin həmişə prioritet olacağını bildirib: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".
Dövlət başçısı mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək Fərman və Sərəncamın imzalanması, ümumilikdə, 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.
Heç kimə sirr deyil ki, sosial rifahın güclənməsi iqtisadi inkişafdan asılı olan bir amildir. Bu gün respublikamızda 114 min ailəyə ünvanlı sosial yardım verilir və hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 AZN yardım göstərilir. İqtisadi inkişaf üçün isə hava-su kimi vacib olan məqamlar vardır ki, bunlar da, ilk növbədə, siyasi sabitliyin, stabilliyin və ədalətli rəqabət mühitinin olmasıdır.
Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib
Ölkə Prezidenti İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" və "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli sərəncamları ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd olunan sərəncamlarla əlaqədar bildirib ki, ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində, ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub: "Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları Azərbaycanın belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında 2,6 faiz artım əldə olunmasına imkan verib. Xüsusilə də, belə şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanıldı. Azərbaycan Prezidenti İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək Fərman və Sərəncamla, ümumilikdə, 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Sosial-iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən, əmək haqlarının 7 faiz, pensiyaların 8 faiz artımı ilə müşahidə olundu".
Nazir vurğulayıb ki, 2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur: "Bu tədbir nəticəsində, istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən artıq 11 Sərəncam imzalanıb və həmin Sərəncamlar nəticəsində, pensiyalarda mütəmadi artımlar edilib. "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-ci il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur".
S.Müslümov qeyd edib ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir: "Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Möhtərəm dövlət başçımızın "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-ci il 21 yanvar tarixli Sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək. Ümumilikdə, pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq. Sərəncama əsasən, minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib".
Beləliklə də, bütün bu uğurlu nəticələr, onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.
RƏFİQƏ KAMALQIZI