"Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ölkəmizin beynəlxalq aləmdə qüdrətini və yüksək nüfuzunu göstərir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, vaxtaşırı rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş zonaya qeyri-qanuni daxil olan şəxslər barədə açıqlama verir və onları qara siyahıya salır: "Aleksandr Lapşin isə sözügedən ərazilərə qanunsuz daxil olmaqla yanaşı, eyni zamanda sonradan başqa bir saxta sənədlə Azərbaycana gəlir. O bununla iki dəfə ölkəmizin qanunvericiliyini pozur. Hesab edirəm ki, bu Azərbaycanın işğal edilmiş zonalarına qeyri-qanuni daxil olan xarici vətəndaşlara çox ciddi bir xəbərdarlıq olmalıdır. Bu, eyni zamanda ərazimizi işğalda saxlayan və xarici vətəndaşları həmin əraziyə səfər etməyə sövq edən Ermənistan üçün çox ciddi xəbərdarlıq olmalıdır.Bilinməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü pozan, ölkəmizin ərazisinə qanunsuz daxil olan hər bir kəs nə vaxtsa Azərbaycan məhkəməsi qarşısında cavab verə bilər. Cinayətkarlar cavabsız qalmayacaq. Lapşin məsələsi bir daha göstərdi ki, Azərbaycan özünün suverenlik məsələsini heç kimə güzəştə getmək fikrində deyil".
sia.az