13-20 fevral 2017-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: islam həmrəyliyi bizə nə verir?" devizi altında Bakı şəhəri və Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında IV Beynəlxalq Multikulturalizm Qış Məktəbi təşkil edəcək. Bununla bağlı BBMM-də növbəti qış məktəbinə hazırlıq işləri ilə bağlı yekun müzakirə iclası keçirilib.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib: "2016-cı il - "Multikulturalizm ili" təqvim ili olaraq başa çatdı. İllər, əsrlər keçsə də, Azərbaycan xalqının canındakı, ruhundakı multikultural əhval, başqasına mərhəmət, şəfqət və sevgi hissləri onun əbədi dəyərlər silsiləsinə daxil olan bir həyat tərzi kimi həmişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq. Ölkə Prezidentinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsini "Multikulturalizm İli"nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə alaraq, bu il Multikulturalizm Mərkəzi növbəti beynəlxalq multikulturalizm məktəbini "İslam həmrəyliyi bizə nə verir?" devizi ilə həyata keçirəcək.
Qeyd edək ki, IV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər. IV Beynəlxalq Multikulturalizm Məktəbində yerli mütəxəssislər və xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, islam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinləniləcək, eləcə də, "İslam həmrəyliyi bizə nə verir?" mövzusunda geniş video-təqdimat nümayiş etdiriləcək.
NƏZAKƏT