Məlum olduğu kimi, dəfələrlə işğal olunmuş Azərbaycan ərazilərində olan, separatçı Dağlıq Qarabağ rejiminin dövlət kimi tanınması istiqamətində geniş fəaliyyət siferası quran Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşin Belarus Ali Məhkəməsinin qərarı ilə Azərbaycana ekstradisiya edildi. Söhbət etdiyimiz müsahiblərimiz Lapşinin Azərbaycana ekstradisiya olunmasını Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirdilər.
Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə:
- Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən blogger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ölkəmizin beynəlxalq aləmdə qüdrətini və yüksək nüfuzunu göstərir". Vaxtaşırı rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş ərazilərə qeyri-qanuni daxil olan şəxslər barədə açıqlama verir və onları qara siyahıya salır. A.Lapşin isə, sözügedən ərazilərə qanunsuz daxil olmaqla yanaşı, eyni zamanda, sonradan başqa bir saxta sənədlə Azərbaycana gəlir. O, bununla iki dəfə ölkəmizin qanunvericiliyini pozur. Hesab edirəm ki, bu, Azərbaycanın işğal edilmiş zonalarına qeyri-qanuni daxil olan xarici vətəndaşlara çox ciddi bir xəbərdarlıq olmalıdır. Bu, eyni zamanda, ərazimizi işğalda saxlayan və xarici vətəndaşları həmin əraziyə səfər etməyə sövq edən Ermənistan üçün çox ciddi xəbərdarlıq olmalıdır. Bilinməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü pozan, ölkəmizin ərazisinə qanunsuz daxil olan hər bir kəs nə vaxtsa Azərbaycan məhkəməsi qarşısında cavab verə bilər. Cinayətkarlar cavabsız qalmayacaq. Lapşin məsələsi, bir daha göstərdi ki, Azərbaycan özünün suverenlik məsələsini heç kimə güzəştə getmək fikrində deyil.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Elçin Mirzəbəyli:
- Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası, ilk növbədə, Prezident İlham Əliyevin apardığı siyasətin, ölkəmizin diplomatik sahədəki fəaliyyətinin nəticəsidir. Bu hadisə, digər tərəfdən Belarus prezidentinin beynəlxalq hüquqa və onun prinsiplərinə yanaşmasını, iki ölkənin münasibətlərinə verdiyi önəmi göstərdi. Başqa bir amil isə Belarusun hüquq-mühafizə orqanlarının və məhkəmələrinin verdiyi ədalətli qərardır. Bu, şübhəsiz ki, birmənalı şəkildə hüquqi president yaradır və bundan sonra belə faktorlardan, amillərdən siyasi məqsədlər üçün istifadəyə son qoyur. Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən istənilən qurumun və ya ölkənin nümayəndəsi manipuliativ şəkildə insan hüquq və azadlıqlarını önə çəkə bilməz. Çünki dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı amili beynəlxalq hüquqda əsas pillədə dayanır və bütün məsələlərə bu kontekstdə yanaşmaq lazımdır. Hesab edirəm ki, bu hadisə həm Ermənistana, həm onu himayə edənlərə ciddi mesajdır.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
- Rusiya, Ukrayna və İsrailin vətəndaşı olan Aleksandr Lapşinin separatçı rejimə xidmət etməsi işğal olunmuş ərazidə gedib bloggerliklə məşğul olub Azərbaycan ərazilərinin işğal olunmasına çağırışlar səsləndirməsi və eyni zamanda, işğalçı bir ölkənin kəşfiyyatı ilə əlaqəyə girib Azərbaycan dövlətinə qarşı çıxışlar etməsi heç bir ölkənin və xalqın xoşuna gələ bilməz. Çünki bu cinayət hadisəsidir. Prezident İlham Əliyevin artıq növbəti dəfə Belarus hökuməti ilə aparılan danışıqlar nəticəsində Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi, bir daha onu göstərir ki, həm Azərbaycan diplomatiyası, həm də xarici siyasəti çox dəqiq qurulub. Eyni zamanda, bilirsiniz ki, Belarus ilə Azərbaycan arasında çox gözəl dostluq və mehribanlıq münasibətləri var. Hər iki ölkənin prezidentləri arasında şəxsi əlaqələr çox güclüdür. Məhz bu baxımdan, biz, əlbəttə, Belarus hökumətinə təşəkkür edirik ki, bu sazişə uyğun olaraq, bu cinayətkar Azərbaycana təhvil verildi. O cümlədən, bu, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu sayəsində və Belarus prezidenti ilə Onun şəxsi münasibətləri sayəsində baş tutan bir məsələdir. Çünki çox dövlətlər arasında ikitərəfli müqavilələr var. Amma hər dövlət bu cür müqavilələrə əməl etmir. Necə ki, biz Macarıstandan Ramil Səfərovu geri ala bildik. Yəni əgər Ramil Səfərov bizim qəhrəmanımız idisə, bu gün də cinayətkar bir şəxsin Azərbaycana təhvil verilməsi bir o qədər də asan bir məsələ deyildi. Əlbəttə, biz bununla qürur duyuruq. Bu gün internet istifadəçilərinin əksəriyyəti sosial şəbəkələrdə, mətbuatda bu informasiyanı paylaşır. Bu da, o deməkdir ki, Qarabağda azad etdiyimiz torpaqlar qədər bu məsələnin əhəmiyyəti var. Çünki bizim bu qədər şəhidimiz, yaralılarımız, əlilimiz, bir milyondan artıq qaçqınımız var və Azərbaycanın əraziləri işğal altındadır. Belə bir şəraitdə cinayətkarın bu gün ölkəyə gətirilməsi, əlbəttə, Azərbaycan diplomatiyasının nəinki böyük qələbəsi, uğurudur, eyni zamanda, Azərbaycan Prezidentinin dünyada bir daha nüfuzunun bariz nümayişidir.
BAXCP sədr müavini Niyaməddin Orduxanlı:
- Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən, separatçı "Dağlıq Qarabağ" rejiminin dövlət kimi tanınması istiqamətində geniş fəaliyyət sferası quran Rusiya, Ukrayna və İsrail vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycanın gətirilməsi Azərbaycan dövlətinin diplomatik uğurudur.
Yəni Aleksandr Lapşinin Azərbaycana gətirilməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə öz yerinin, öz çəkisinin olduğunun nümunəsidir. Bu məsələni birbaşa ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsi kimi qiymətləndirirəm. Azərbaycanın dövlət maraqlarının əleyhinə yönələn istənilən şəxs öz layiqli cəzasını almalıdır. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozan, Azərbaycanın ərazisinə qanunsuz səfərlər edən və separatçılara dəstək verən istənilən şəxsə qarşı cinayət işi açılıb, onun Azərbaycan qanunları ilə mühakimə edilməsinə nail olmaq olar.
GÜLYANƏ