PDF Oxu

Siyasət

  • 71

Lapşinin Azərbaycana ekstradisiyası - faktlar nəyi deyir?

Lapşinin Azərbaycana ekstradisiyası - faktlar nəyi deyir?

TESİZ ƏSASINDA

Azərbaycan-Belarus arasındakı dost münasibətləri, İlham Əliyev-Aleksandr Lukaşenko qətiyyəti və Ermənistanın növbəti məğlubiyyəti!

Artıq bilindiyi kimi, Azərbaycanın ərazi vahidi - hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfərlər edərək, qondarma və separatçı rejimlə sıx təmaslarda olan, o cümlədən, saxta "DQR"-in dünya birliyi tərəfindən tanınması istiqamətində təbliğat işləri aparan və barəsində cinayət işi açılmış bloger Aleksandr Lapşin Belorusdan Azərbaycana ekstradisiya olundu. Xatırladaq ki, Lapşin Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilmişdi və Belorusun hüquq-mühafizə orqanları onu öz ərazisində həbs edərək, məhkəməyə göndərmişdi. Rəsmi məlumatlarda da, bu haqda vurğulanır ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin Azərbaycanın qanunlarını pozaraq, işğal altında olan ərazilərə səfər etmiş, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar etmişdir. Bu baxımdan, Aleksandr Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Ona görə də, Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi. O, Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmış və 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Belarus Məhkəməsi isə onun ölkəmizə ekstradisiyası ilə bağlı qərar çıxarmışdı. Bununla da, ədalətli qərar nəticəsində, Aleksandr Lapşin cinayət tərkibli əməlinə görə layiq olduğu cəzasını alacaq.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə alıb, qəti və obyektiv qərar qəbul edərək separatçı və təxribatçı blogerin ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirib

Lakin qeyd olunanlarla yanaşı, həm də belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycan Respublikasına təhvil verilməsi, ilk öncə, Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ümumiyyətlə, bu ölkələr arasında uzun illər və bütün dövrlərdə səmimi dostluq münasibətləri mövcud olub. Əbəs yerə deyil ki, Lapşinin həbsindən sonra ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə almıb, qəti və obyektiv qərar qəbul edərək, separatçı və təxribatçı blogerin ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirib. O cümlədən, Aleksandr Lukaşenko qətiyyəti ilə güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.

Bu baxımdan, belə demək mümkündür ki, Lapşinin ekstradisiyası Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür.

Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, eləcə də güclü Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir!

Lakin daha bir mühüm məqamlardan biri də Lapşinin ölkəmizə ekstradisiyası istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi qətiyyətidir. Ümumiyyətlə, vurğulamaq olar ki, Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin nəticəsi, eləcə də, güclü Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir!

Beləliklə, sözügedən prosesləri izləyərkən, Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik olan siyasi Liderdir. O, bu nüfuzu ilə nəninki regionda, eləcə də, dünyanın bir çox ölkələrində müstəqil Azərbaycanı söz sahibinə çevirmiş dövlət başçısıdır. Ona görə də tam əminliklə qənaətə gələ bilərik ki, Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin məntiqi iflasıdır

Yeri gəlmişkən, hələ ötən ilin aprelində dördgünlük müharbədən məğlub ayrılan Ermənistan və tarixinə mötəşəm qələbə yazdıran Azərbaycan bu dəfə də diplomatik gücü vasitəsilə işğalçı rejimi diz çökdürmüş oldu. Yəni Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin məntiqi iflasıdır.

Bundan sonra növbəti dəfə aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma "DQR"-i qəbul etdirmək cəhdlərinə dəstək vermir, verməyəcək də!

Bu, həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma "DQR"-in təbliğatını aparan şəxslərə mesaj oldu

Ona görə də, Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir. Əbəs yerə deyil ki, Lapşinin Azərbaycana ekstradisiyasının ardınca, erməni müxalifəti ötən ilin aprelindən başlayaraq, Sarkisyan rejiminə qarşı ittihamlarını artırıb, bu rejimi gücsüzlükdə, iradəsizlikdə və başıpozuqluqda günahlandırmağa başlayıb.

Digər tərəfdən, Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma "DQR"-in təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma "DQR"-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər