Nəsimi rayon icra hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon prokurorlarının, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Əvvəlcə iştirakçılar "Fitnə" filmini izləyiblər.
Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan dövləti dünyəvi dövlət olmasına baxmayaraq, bütün dinlərə və dindarlara böyük ehtiram göstərir və diqqət ayırır. A.Əsgərov onu da vurğulayıb ki, Azərbaycan regionun ən stabil və sakit ölkəsidir, bu sabitliyin və əmin-amanlığın ölkəmizdə qorunmasının qarantı isə Azərbaycan dövlətidir. Rayon rəhbəri daha sonra dini ekstremistlərin xüsusi hazırlandığını, sabitliyin pozulmasında maraqlı olan qüvvələrin məkrli planlarını həyata keçirməkdə fəal iştirak etməyə cəlb olunduqlarını vurğulayaraq, gəncləri çox diqqətli olmağa çağırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar.
Tədbirdə Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli də çıxış edərək, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə" filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildiriblər. Tədbirdə çıxış edənlər filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Ü.ƏSGƏROV