İlham Əliyev: "Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik"
Müstəqil dövlət kimi Azərbaycanın dünya təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan iqtisadi, siyasi, sosial və s. əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Beynəlxalq və regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Qloballaşan müasir dünyada Azərbaycan demokratik tərəqqi yolunu seçərək xarici dövlətlərlə, beynəlxalq təşkilat və qurumlarla müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərini qurub. Azərbaycanın qarşılıqlı beynəlxalq əməkdaşlıq etdiyi təşkilatlar sırasında İslam Əməkdaşlıq Təşkilatının rolu müstəsnadır. Müsəlman ölkələrinin sərhəd toxunulmazlığının bərpa olunması və qorunması, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılır və qərarlar qəbul olunur.
AZƏRBAYCANIN HAQLI MÖVQEYİ İSLAM DÖVLƏTLƏRİ TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR
Azərbaycanın fəal üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı dünyada islam həmrəyliyi işinə töhfələr verir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yekdil və birmənalı qərarlar qəbul etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.
Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə Ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İƏT Baş Katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın islam aləmində olan maraq və diqqəti daha da artırdı. İƏT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək, əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı. 1994-cü ilin noyabr ayının axırlarında İƏT-in baş katibi Həmid əl-Qabid Azərbaycana səfəri bu əlaqələrin inkişafında önəmli idi. Səfər çərçivəsində Həmid əl-Qabid İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyini və münaqişənin dinc siyasi vasitələrlə həll olunmasına tərəfdar olduğunu bildirmişdir.
Heç şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İƏT ilə əməkdaşlıq təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilmişdir.
Elə ötən il İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində də müsəlman ölkələrindəki qarşıdurmalara nəzər salınaraq, tezliklə həll olunması diqqətə çəkilib. İƏT-in İstanbul Sammiti, digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemini də diqqətdə saxlayıb. "Ədalət və sülh üçün birlik və əməkdaşlıq" devizi ilə keçirilən Zirvə toplantısında təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətindən söz açılıb. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştrakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını bildirib.
"…OYUNLAR TƏKCƏ İDMAN YARIŞI OLMAYACAQ, EYNİ ZAMANDA, BİRLİYİMİZİN, MÜSƏLMAN ALƏMİNDƏ GƏNC NƏSİLLƏRİMİZİN HƏMRƏYLİYİNİN GÜNLƏRİ OLACAQ"
Son illər Azərbaycanın İƏT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İslam həmrəyliyinin gücləndirilməsi məqsədilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi Prezident İlham Əliyevin müdrik və düşünülmüş siyasətinin məntiqi davamıdır. "İslam Həmrəyliyi İli" ilə bağlı imzalanan Sərəncam dövlət başçısı tərəfindən Azərbaycanın islam ölkələri arasında artan nüfuzunu daha da gücləndirərək, ümumilikdə, bütün dünyaya həmrəylik mesajı verdi. Azərbaycan müstəqil dövlət siyasəti həyata keçirir və öz milli-mənəvi dəyərlərimizi qoruyuruq. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün nümunədir. Belə bir dövlətdə bir neçə aydan sonra artıq İslam Həmrəyliyi Oyunlarına start veriləcək. İlham Əliyevin sözlərinə görə, bu, islam ölkələrinin birliyinə verilən töhfədir: "Çünki oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin və müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi və ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o, bəzən kökləri, ənənələri, dini bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik".
Müsəlman aləminin gənc nəsillərinin milli və ənənəvi dəyərlərimizə əsaslanaraq formalaşması əsas məsələlərdən bir olaraq qarşıda durur. Azərbaycan, öz növbəsində, dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Dövlət başçısının vurğuladığı kimi:"Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik. İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq və səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".
Nəzakət ƏLƏDDİNQIZI