Dağıdıcı müxalifət düşərgəsi uğursuz mitinqlər seriyasından dərs ala bilmir
Xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrilmiş satqın, saxta dağıdıcı müxalifət rəhbərləri bu gün də öz antimilli əməllərindən əl çəkmir, yenidən yazda mitinqlər keçirəcəklərini bildirirlər. AXP sədri Pənah Hüseyn mart-aprel aylarından yenidən mitinqlərə başlayacaqlarını bildirib: "Çıxış yolu ancaq və ancaq mitinqləri davam etdirməkdir".
Nə qədər həyasızcasına, utanmadan "çıxış yolu"nu mitinq keçirməkdə gördüyünüzü deyirsiniz. Çünki bu günə kimi öz uğursuzluqlarınızı ört-basdır etmək, qarşınıza qoyduğunuz əsas məqsəd antimilli qüvvələrdən daha çox qrant almaq üçün mitinq, etiraz aksiyası bəhanəsi ilə ölkəmizdə qarşıdurma və çaşqınlıq yaratmağa çalışmaqdır. Bunun üçün böhtana və yalana əl atmaq isə radikal müxalifət düşərgəsinin çoxdankı şakəridir.
Zahid Oruc: "Bu da müxalifətin iş yeridir, onu əldən vermək istəmirlər ki"
Millət vəkili Zahid Oruc sözügedən məsələ ilə bağlı düşünür ki, müxalifət "liderldəri" mitinq keçirməklə özlərinə məxsus iş yerlərini itirmək istəmirlər: "Müxalifətin mitinqlərinin hədəfi guya hakimiyyət olsa da, mahiyyət etibarilə müxalifət daxilindəki problemlərin həllinə xidmət etmək mövqeyi tutulub. Amma əksinə, proses gedir. Cəmiyyət, ümumiyyətlə, bu aksiyalardan tamamilə məlumatsızdır. Xəbərlərin izləmə sayı da sübut edir ki, insanlar bu tədbirin böyük siyasi nəticələrini gözləmirlər. Müxalifətin hazırkı gücü bir "Məhsul" stadionuna yerləşəcək qədər deyil. Onlar tədbirlərini keçirəndə, utunmadan xalqa müraciət edirlər".
Mitinq meydanı müxalifətin söyüş meydanıdır
Sözsüz ki, sosial bazası sıfıra bərabər olan normal fəaliyyət göstərmək üçün qabiliyyəti, potensialı çatmayan dağıdıcı müxalifətin mitinq keçirməsi ən asan yoldur. Çünki bu yolla böhtanlarını, yalanlarını, hay-həşirlərini nümayiş etdirməyə nail olurlar. Elə götürək son mitinqdə təxribatçıların qarşıdurma yaratmaq cəhdi. "Milli Şura"nın əsas məqsədi qarşıdurma yaradaraq, hakimiyyətin guya sərbəst toplaşmaq azadlığını məhdudlaşdırdığı görüntüsü yaratmaq, Azərbaycandan xaricdəki erməni ağalarına şikayət etmək üçün bəhanə axtarmaq idi. Radikal müxalifət düşərgəsinin liderləri çox yaxşı bilirlər ki, bunlar harada mitinq keçirsələr də, meydan boş qalacaq. Mitinq meydanı küçə söyüş, təhqir, etikadan, əxlaqdan, əndazədən kənar meydana çevrilir.
Azərbaycanda istər ölkədaxili məsələlərdə, istərsə də cəmiyyətdə, müsbət mənada, çox böyük dəyişikliklər baş versə də dəyişməyən bir şey var, o da radikal müxalifət mənsublarının hakimiyyət hərisliyi, cılız təfəkkürüdür. Radikal müxalifət düşərgəsinin liderləri və dublyor Cəmil Həsənli hələ də ötən əsrin 90-cı illərinin "meydan təfəkkürü" ilə yaşayır, iqtidara gəlmək naminə, necə deyərlər, şeytanla belə əməkdaşlıqdan çəkinmirlər. Ən pisi isə odur ki, həmin adamlar Azərbaycanda yaranmış demokratik mühitdən faydalanaraq, yenə əvvəlki kimi, siyasi cəhətdən hazırlıqsız olan gənclərdən özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışır, onları qeyri-qanuni hərəkətlərə səsləyir, ölkədə qarşıdurma yaratmağa cəhd göstərirlər.
Ancaq əminliklə demək olar ki, onlar bu dəfə də meydanda tək qalacaq, məğlubiyyətin tərs şapalağını dadacaqlar. Çünki yazının əvvəlində, qeyd etdiyimiz kimi, artıq Azərbaycan cəmiyyətində radikal müxalifət liderlərinin bəyanatlarına, vədlərinə zombiləşmiş bir ovuc adamdan başqa heç kim reaksiya vermir, inanmır.
R.HÜSEYNOVA