PDF Oxu

Siyasət

  • 221

Rusiya niyə cinayətkar Lapşinin ekstradisiyasından bu qədər narahatdır?

Rusiya niyə cinayətkar Lapşinin ekstradisiyasından bu qədər narahatdır?

Separatçı "DQR"də girov saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşı olduğu halda, bu ölkənin Ermənistandakı səfiri bircə dəfə də olsa onun taleyi ilə maraqlanmayıb

İşğal altındakı Dağlıq Qarabağ ərazilərimizə dəfələrlə qanunsuz səfərlər etmiş, üstəlik, müxtəlif vaxtlarda işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dəstək vermiş, qondarma "DQR"-in dünya birliyi tərəfindən dövlət kimi tanınması çağırışları etmiş bloger Aleksandr Lapşinin etibarlı və dost Belarus hakimiyyəti tərəfindən Azərbaycana təhvil verilməsinin ardınca, Rusiyanın bəzi siyasi dairələri bu məsələdə qəbuledilməz etirazlarını sərgiləməkdədir. Şimal qonşumuzun yazılı və elektron media qurumları, televiziyalarında yayımlanan siyasi proqramları, demək olar ki, hər gün bu məsələ ilə bağlı Belarus hakimiyyətinə, bu ölkənin prezidenti A.Lukaşenkoya qarşı sərt tonlu fikirlər səsləndirir, o cümlədən, Lapşinin heç də cinayət əməli törətmədiyini sübut etməyə çalışır.

Lapşinin lovğalığı və özündənmüştəbehliyi əvvəl-axır mövcud nəticəsini verməliydi

Digər tərəfdən, Kremlin rəsmi sözçüsündən tutmuş, xarici işlər nazirinə kimi hər kəs özündən razı Lapşinlə bağlı "müsbət" fikirlər səsləndirir, onun həbs olunmasını, ekstradisiya edilməsini "yanlış" hesab edirlər, hətta unudurlar ki, məhz bu Lapşin Azərbaycanın dövlətçilik maraqları əleyhinə dəfələrlə yanlış ifadələr səsləndirib. Məsələn, "The Times of Israel" qəzeti blogerin Qarabağa dəfələrlə səfər etməkdən başqa, yazılarında Azərbaycan hakimiyyətini, dövlət rəhbərliyini təhqir etdiyini yazır.

"LiveJounral" isə qeyd edir ki, Lapşin Azərbaycan XİN-in qara siyahısına düşdüyünü etiraf etsə də, istədiyi vaxt Bakıya gələ bilir və bu haqda öz bloq yazılarında məlumat verirmiş. Lapşin adı qara siyahıda ola-ola Bakıya iki dəfə səfər etdiyini bildirib.

Belə olan halda, onun lovğalığı və özündənmüştəbehliyi mövcud nəticəsini verməliydi. Çünki onun ekstradisiyası həm də dövlətimizin gücünü dünyaya sərgiləməliydi və sərgilədi də...

Əgər hər hansı bir dairə Lapşini müdafiə edirsə, demək, onun cinayətlərinə də dolayısı ilə şərik çıxmış olur

Bu zaman istər-istəməz, belə bir sual yaranır ki, Rusiya, yaxud Lapşini müdafiə edən digər siyasi dairələr onların dövlət maraqlarına qarşı çıxan şəxslərə qarşı, məhz Lapşin kimi davranardılarmı? Əlbəttə ki, yox! Bu baxımdan, əgər hər hansı bir dairə Lapşini müdafiə edirsə, demək, onun cinayətlərinə də dolayısı ilə şərik çıxmış olur.

Bu gün tanınmayan "DQR"-in separatçıları və Ermənistanda girov saxlanılan, öz ərazilərimizdə oğurlanaraq, iki ildən artıq bir müddətdə qondarma ittihamlarla min bir əzab-əziyyətə düçar edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbinə məhəl qoymurlar. O cümlədən, Rusiya onlardan birinin öz vətəndaşı olmasına rəğmən, taleyi ilə maraqlanmır, biganəlik göstərir. Onda daha bir sual meydana çıxır: nəyə görə Lapşin sizin üçün erməni əsirliyində girov saxlanılan və azərbaycanlı millətindən olan vətəndaşınızdan daha maraqlıdır?!

Təəssüf ki, biz bu sualın cavabını eşitmirik!

Nə Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını iddia etmiş Lavrov, nə də digərləri bu məsələdə istəklərinə nail ola bilməyəcəklər..!

Əksinə, Lapşin Kürdəxanı təcridxanasına aparılarkən, Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyi öz narahatlığını nümayiş etdirməyə başladı. Onda daha bir sual yaranır: bu günə kimi separatçı "DQR"-də saxlanılan girovlarla bağlı Rusiyanın Ermənistandakı səfiri vətəndaşının taleyi ilə bağlı hər hansı müvafiq addım atıbmı? Yenə də yox...

Bu gün fakt budur ki, Lapşin Azərbaycan dövlətinin qanunlarını pozub və bu ölkənin qanunları çərçivəsində də mühakimə olunacaq. Nə Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını iddia etmiş Lavrov, nə də digərləri bu məsələdə istəklərinə nail ola bilməyəcəklər..!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər