"Koreya Xalq Demokratik Respublikası (KXDR) uzun müddətdir ki, həm atom silahına malikdir, həm də uzaq mənzilli ballistik raketlərin inşası və sınağı ilə məşğuldur. Artıq son bir ayda iki dəfə sınaq keçirilib və uğursuz olub. KXDR-nın rəhbərliyi açıq şəkildə bəyan edir ki, onların məqsədi ABŞ-ın istənilən nöqtəsinə çata biləcək ballistik raketlərin düzəldilməsidir. Bu raketlər nüvə döyüş başlığı ilə silahlandırılanda ABŞ üçün qorxulu ola bilər. Ona görə, ABŞ-ın yeni prezidenti Donald Trampın bir nömrəli hədəfi KXDR-dir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O qeyd edib ki, sözügedən məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb: "İclasda yəqin ki, İran kimi, KXDR-yə də uzaq mənzilli ballistik raketlərin inşasına qadağa qoyulacaq. Üstəlik BMT həmçinin KXDR-yə qarşı sanksiyaların tətbiq edilməsi haqqında da qərar çıxaracaq. Məqsəd isə orada həm rejim dəyişikliyinə getmək, həm də ölkəni Cənubi Koreya ilə birləşdirməkdir. Bunu açıq deməsələr də, KXDR-də böyük dəyişikliklərin əsasını qoymaq istəyirlər. Orada zalım bir rejim hakimiyyətdədir və ölkənin böyük hisəsi aclıq içərisindədir. Onlar silahlanmaya isə küllü miqdarda vəsait ayırırlar. KXDR-də dəyişikliklər yetişib. Bunun baş verməsi kifayət qədər real görünür".Qeyd edək ki, ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib. Bununla bağlı ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın bu gün keçirilə biləcəyi bildirilir.
sia.az