Yaxud ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın səmimiliyinə inanmaq, sadəcə, sadəlöhvlük olardı
Məlum olduğu kimi, bu il martın 8-də Fransanın prezidenti Fransua Ollandın Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir. Belə ki, bu barədə erməni mətbuatı da müxtəlif qeydlər apararaq, həmin görüşü iki ölkə arasında qurulmuş münasibətlərin 25 illiyi ilə bağlayırlar. Xüsusilə, bildirilir ki, Sarkisyan Olland tərəfindən, məxsusi olaraq, qəbul olunacaq. Əlbəttə ki, bu amil haqqında daha dərin şərhlərə varmadan öncə ilk ağla gələn bu olur ki, Fransa dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər qurub və münsaibətlərin yuvarlaq illəri tamam olarkən, heç də hər bir ölkənin rəhbəri Fransaya məxsusi şəkildə dəvət olunmur. Bu zaman sual yaranır – nəyə görə, məhz Ermənistan..?
Ollandın sözlərində səmimiyyətin nə qədər real olması müəyyən şübhələr doğurmaqdadır
İlk baxışdan, bu cür qənaətə gəlmək olar ki, Fransa uzun illərdir ki, Ermənistanın himayədarı rolunda çlıxış edir. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərmək öhdəliyinə imza atıb, həmin fəaliyyət tamamilə fərqli istiqamətdə və demək olar ki, Azərbaycanın əleyhinə olaraq görünməkdədir.
Maraqlıdır ki, Fransa prezidenti görüş zamanı Qarabağ məsələsinə də toxunulacağını deyib, ancaq Ollandın sözlərində səmimiyyətin nə qədər real olması müəyyən şübhələr doğurmaqdadır. Fransa prezidentinin fikirlərinə diqqət yetirək. SİTAT: "Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik. Bu problemin həlli üçün tələsmək, həqiqətən də, var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləmək üçün hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir".
Bu zaman daha bir sual yaranır, Fransa, dövlət olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, işğal altındakı torpaqlarımızı Azərbaycanın ərazi vahidi kimi qəbul edirsə, hansı səbəbdən aprel müharibəsində əsas günahkarın, məhz Ermənistanın olduğunu dolayısı ilə də olsa etiraf etməyib və burada Azərbaycanı da az qala təqsirkar ölkə kimi gösətib? Çünki bilmiyimiz qədər aprel müharibəsinin kökündə də işğalçı Ermənistan rejiminin növbəti diversiya-təxribat cəhdi dayanırdı və bunu təsdiq edən kifayət qədər sübutlar var.
Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi 100 görüş təşkil etsə belə, həmin görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək qərarların qəbulu gözlənilə bilməz
Fransua Ollandın, demək olar ki, Ermənistanın xeyrinə pərdəarxası ifadələri ilə bir daha daxilindəki mövqeyini xitab edib. SİTAT: "Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Biz konfliktin nizamlanmasına yönəldilmiş real danışıqlara başlamalıyıq. Düşünmək böyük bir səhv olardı ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"də əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Biz, həmçinin, bilirik ki, həmin prinsiplər tətbiq olunarkən, "Dağlıq Qarabağ xalqı"nın (???!!!-R.N.) öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək".
Göründüyü kimi, Fransanın beynəlxalq mövqeyi deyil, həm də dövlət siyasəti mövqeyi Ermənistanın xeyrinə işləyir və bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, 100 görüş təşkil etsə belə, həmin görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək qərarların qəbulu gözlənilə bilməz. Daha dəqiqi, görüşlər formal xarakter daşıyacaq və erməni tərəfinin dəstəklənməsinə hesablanacaq. Bu səbəbdən, Ollandın Serj Sarkisyanla görüş tarixinin ardınca Fransanın səmimi Azərbaycana yönəldilmiş səmimi münasibətinə inanmaq mümkün deyil.
Azərbaycanıın dövlət başçısı İlham Əliyevin bu yaxınlarda irəli sürdüyü qətiyyətli fikirlərinin ardınca Ollandın bu qədər siyasi həyasızlığa yol verməsi heç də təsadüfi sayıla bilməz
Beləliklə, Fransanın dövlət başçısının sözügedən fikirləri Parisdə - ermənilərin tədbirində səsləndirməsi özü-özlüyündə bir sıra məqamları açığa çıxarmış olur.
Hətta nəticə etibarilə, belə qənaətə gəlmək mümkündür ki, artıq Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi rəsmən həmin statusunu bir kənara qoyaraq, Ermənistanın xeyrinə siyasi-diplomatik təxribatlara əl atır. Necə deyərlər, əlahəzrət fakt ortadadır!
Xüsusilə, Azərbaycanıın dövlət başçısı İlham Əliyevin bu yaxınlarda irəli sürdüyü qətiyyətli fikirlərinin ardınca Ollandın bu qədər siyasi həyasızlığa yol verməsi heç də təsadüfi sayıla bilməz. Xatırladaq ki, Prezident İlham Əliyev bu barədə bəyan etmişdi: "Azərbaycan torpaqlarında heç vaxt ikinci uydurma erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, bunu gözləyənlər boşuna gözləyir..."
Mümkündür ki, Ollandın bu qədər cürət edərək, siyasi həyasızlığa yol verməsi həm də onun yaxın zamanlarda prezidentlik kürsüsünü tərk etməsi ilə də əlaqəli ola bilər. Əgər onun prezidentliyinin ilk dövrləri olsayı, o, heç də həmin ifadələri işlətməyə cürət etməzdi. Onun son bəyanatına qədər belə də davam edirdi, Fransanın dövlət başçısı Ermənistana pərdəarxası şəkildə dəstək göstərsə də, müəyyən məqamlarda ehtiyat tədbirləri də görməyi unutmurdu. Ancaq indi hər şey başqa cürdür.
Bununla da, Olland təmsil etdiyi ölkənin Qarabağ münaqişəsinin həllində qərəzli olduğunu, ikibaşlı oyun ounadığını və hər zaman "topu işğalçılara tərəf ötürdüyünü" etiraf etmiş olur...
Yeri gəlmişkən, daha bir məqam Ollandın "Madrid prinsipləri" üzərində oynadığı qeyri-səlis oyunudur. Çünki bu "prinsiplər" Azərbaycanla yanaşı, Ermənistanın da parlamentində ratifikasiya olunmayıb. Maraqlıdır, heç bir hüquqi qiyməti olmayan "prinsiplər" haqqında ATƏT-in həmsədr dövlətinin başçısı necə fikir yürüdə bilər? Əlbəttə ki, bunun özü də təxribatçı addımdan başqa heç nə deyildir. Baxın, Azərbaycan tərəfi ona 10-a yaxın əlavə edib, çünki ilkin variantda, o, ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edir.
Digər tərəfdən, "Madrid prinsipləri"ndə ərazi bütövlüyü məsələsi də var - hansını ki, Fransua Olland öz kefinə görə görməzlikdən gələrək, "öz müqəddəratını təyinetmə hüququ"nu qabardır. Belə ki, erməni xalqı hələ 1991-ci ildə - SSRİ süquta uğradıqdan sonra öz müqəddəratını həll etmişdi. Fransa prezidenti isə bunu "unudaraq", artıq "ikinci erməni dövlətidəki" xalqın müqəddəratını həll etməli olduğunu deyir. Bununla da, Olland təmsil etdiyi ölkənin Qarabağ münaqişəsinin həllində qərəzli olduğunu, ikibaşlı oyun oynadığını və hər zaman "topu" işğalçılara tərəf ötürdüyünü etiraf etmiş olur...
Qondarma erməni soyqırımı layihəsinin müəllifi hazırkı prezident Fransua Olland idi!
Bu gün hadisələrə doğru qiymət verməyi bacaran və nəticə çıxaran istənilən siyasi dairə və ictimai rəy yaxşı xatırlayır ki, qondarma erməni soyqırımını tanıyan, bunu inkar edənə isə, cəza tədbiq edən ilk ölkə, məhz Fransa olub. Bu layihənin müəllifi isə hazırkı prezident Fransua Olland idi!
Beləliklə, Fransua Olland getmək ərəfəsində, çox yəqin ki, kiçik və özü kimi ayağısürüşkən bacısı Ermənistana, necə deyərlər, jest etmək istəyib. Ancaq onun bu jesti, hətta yaxın gələcəkdə prezidentlər arasında görüş belə keçirəcəyini bəyan etməsi Fransanın Ermənistana qarşı olan sevgisini və Azərbaycana qarşı qərəzini gizlədə bilməyəcək. Hər halda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın səmimiliyinə inanmaq sadəcə, sadəlövhlük olardı…
Rövşən NURƏDDİNOĞLU