"2 aprel hadisələrindən sonra Ermənistanın daxilində baş verən hadisələr artıq göz qarşısındadır. Həm iqtisadi tənəzzül, həm qarşıdurma, həm düşmən ölkənin cinayətkar rəhbərliyinin idarəçiliyi tamamilə itirməsi nəticəsində Ermənistan təxribatçı qurumlar vasitəsilə Azərbaycan ərazilərində təxribat yaratmağa cəhd edirlər. Ölkəmizin igid əsgərləri bu təxribatların qarşısını qəhrəmancasına almaqla həm onlara ikiqat zərbə vurur, həm də Ermənistan ordusunun nə qədər çürük, rəhbərliyinin nə qədər təcrübəsiz, cinayətkar olduğunu ortaya qoyur". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Parlamentin plenar iclasında çıxış edərkən deyib. Ermənistanın başqa təxribatçı əməllərə də əl atdığını vurğulayan S.Novruzov qeyd edib ki, düşmən ölkə diaspor təşkilatları vasitəsilə ayrı-ayrı dövlət başçılarının, siyasətçilərin öyrədilməsi ilə müxtəlif fikirləri ortaya qoymaqla yanaşı, Azərbaycandan olan bəzi şəxslərin onlara müraciət edərək vətəndaşlığını qəbul etmək istəyindən istifadə etməklə daxili aləmdə sakitlik yaratmağa çalışır: "Yəqin ki, mətbuatdan məlumatınız var. Azərbaycandan bir nəfər şəxs, qəzet redaktoru Ermənistana müraciət edərək onlardan sığınacaq istəməklə yanaşı, ermənilərlə dost-qardaş olduğunu bəyan edib. Onun ailə üzvləri buna kəskin münasibət bildiriblər. Lakin Şahin Mirzəli bir neçə il bundan öncə prezidet seçkiləri zamanı "Milli Şura" adlanan dərnəyin ən böyük ruporlarından və onların namizədlərinin ən çox təbliğatçılarından biri idi. İndi görün hansı satqınlar vaxtilə Azərbaycana rəhbərlik etmək arzusuna düşmüşdülər. Bizim mübarizəmiz bu cür vətən xainlərinə qarşıdır. Biz qətiyyətli olmalı, bunlara son qoymalıyıq".
sia.az