Bütün zamanlarda baş verən böhranlar bəşəriyyətin inkişafı yolunda yeni imkanlar yaradıb, insanları təkmilləşməyə, daha yaxşıya doğru dəyişməyə və ortaya çıxan maneələri aşmaqda yeni üsullar tapmağa məcbur edib. Böyük dövlətlərdə həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsini verib. Bu gün dünyada gərginliklər, iqtisadi böhran yenə də davam etməkdədir. Bu böhranlar fonunda dayanıqlı iqtisadi inkişafını təmin edən Azərbaycanda da islahatlar həyata keçirilməkdədir. Hərtərəfli inkişaf, sahələrin dominantlığına nail olunması, yüksək keyfiyyətli məhsuldar sənayeləşmə dövlətin həm daxili bazarının tələbatını ödəyir, həm də güclü ixrac potensialı yaradır.
Müasir dövrdə Azərbaycanda iqtisadiyyatın digər sahələri ilə müqayisədə neft sektorunun müqayisəli üstünlüyə malik olması ciddi nəzərə çarpır. Bu mənada, neft sektoruna investisiya qoyuluşu da üstünlük təşkil etmiş, həmçinin, iqtisadiyyatda neft amilinin rolu xeyli artmışdır. Nəticədə, digər sahələrə nisbətən neft sektoru üstün inkişaf etmişdir. İxracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artması iqtisadi şaxələndirmə siyasətinin nəticəsi kimi dəyərləndirilir. Respublikanın ixrac potensialının möhkəmləndirilməsində məqsəd həm də davamlı inkişafın təmini və makroiqtisadi sabitliyin qorunub- saxlanılmasıdır. Bununla yanaşı, ölkədə neft strategiyasının uğurla reallaşdırılması qeyri-neft sektorunun inkişafı üçün zəruri vəsaitlərin formalaşmasına, dövlətin bu sahədə təsirli tədbirlər həyata keçirməsi imkanlarının yaranmasına səbəb olmuşdur. Neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün zəruri resursların formalaşması imkanlarının yaranması və neftin bərpa olunmayan təbii ehtiyatlara aid olması qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini artırır.
Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafında atdığı addımlar
Ölkənin davamlı iqtisadi inkişafının təmin olunması iqtisadiyyatın sahələri arasında tarazlıgın yaradılmasını, əmək, təbii və maddi resurslardan səmərəli istifadəni zəruri edir. Son dövrlər ölkənin kompleks sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafına da zəmin yaratmışdır.
Sənayenin bu bölməsi son illər sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir. Sənayeləşmənin və industriual cəmiyyət quruculuğunun yeni modellərinin tətbiq olunması ilə bağlı təşəbbüslərin artması da bu strateji planın tərkib hissəsidir. Bu mənada, bu gün ölkə rəhbərliyinin hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri qeyri-neft sektorunun daha da inkişaf etdirilməsidir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı əsas prioritet olacaq: "İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Ümumi daxili məhsulun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır, neftdən asılılıq azalır. Neftdən asılılıq minimum səviyyəsinə endirilməlidir. Çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna - o sahələrə ki, onların inkişafı Azərbaycanın potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq".
Qeyd edək ki, hazırda ölkənin regionlarında qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizə yaxını, məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən, Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramlarının icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: "...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial-iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir".
Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə, gəlir gətirmək baxımından, olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, Bakıda, eləcə də, regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkənin turizm imkanlarından tam istifadə ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir. Cari ilin ilk yarısında, həmçinin, nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.
Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı özəl bölmənin fəaliyyətindən çox asılıdır. Son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olub. "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Prezident Fərmanına uyğun olaraq, ötən il ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən, prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib.
Eyni zamanda, bu istiqamətdə həyata keçirilən tədbirlər yoxsulluq səviyyəsinin azaldılmasına, iqtisadiyyatın özünün inkişaf qabiliyyətinə malik olmasına və deməli, ölkənin rəqabət qabiliyyətinin də artmasına səbəb olacaqdır. Hazırda, ölkənin maliyyə imkanlarının artması qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradır. Müasir dövrdə ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inkişafının təmin olunması bu sahədə mövcud imkanların aktivləşdirilməsindən asılıdır. Hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl bölmənin iqtisadi fəallığının stimullaşdırılmasından ibarətdir.
Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən tənzimlənmə mexanizmi
Yeni dövürdə dünyada iqtisadi sistemlər qarışıq iqtisadiyyata əsaslanırlar. Bu isə iqtisadi proseslərin həm bazar, həm də dövlət tənzimlənməsini nəzərdə tutur. Dövlət tənzimlənməsi bazar mexanizmini tamamlayır. Neft və qaz hasilatı sahəsinin həcminin yüksək olduğu ölkələrdə dövlət büdcəsinə gəlir böyük olur. Bu sektordan gələn gəlir həm bazar mexanizminin tam formalaşmaması, həm də yaranan gəlirlərdə dövlətin payınının yüksək olması ilə əlaqədar olur. Dövlət tənzimlənməsi mexanizminin qarşısında duran mühüm problemlərdən biri iqtisadi və sosial sabitliyin təmin edilməsi və iqtisadiyyatın rasional sahə və ərazi strukturuna nail olmasıdır. Dövlətin struktur siyasətinə, milli iqtisadiyyatın optimal strukturuna nail olmaq məqsədilə uzunmüddətli xarakter daşıyan iqtisadi qərarların, bu qərarların birbaşa və dolayı əlaqələndirilməsinə, bəzi hallarda isə, əsas iqtisadi dəyişənlərin (istehlak, məşğulluq, investisiya, qənaət, ixrac, idxal və s.) vəziyyəti və artımı üzərində nəzarətə istiqamətlənmiş dövlətin şüurlu cəhdləri kimi baxmaq olar. Bu siyasət, ilk növbədə, qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə dövlət xərclərinin həcmi və istiqaməti ilə əlaqədar olur.
Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün, ilk növbədə milli iqtisadiyyatın özünün diversifikasiyalaşdırılması və modernləşdirilməsi prosesləri basa çatdırılmalı, innovasiyalaşdırılması sürətləndirilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi zərurəti diqqəti cəlb edir. Bu proseslərdə strateji vəzifələrdən biri də müasir dövrdə Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının dərin təhlilinin aparılması, adekvat meyarlar çərçivəsində bu sahənin imkanlarının müəyyənləşdirilməsi, ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar edilməsidir.
Millli iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının tənzimlənmə mexanizmi dövlətin təsərrüfat subyektlərinin investisiya siyasətinə təsiretmə vasitə və metodlarının məcmusunu əks edirir ki, bu vasitə və metodları da sərti olaraq makroiqtisadi, mikroiqtisadi və institutsional qruplara bölmək olar. Belə ki, milli iqtisadiyyatda hər hansı sahənin üstün inkişafına nail olmaq üçün bu sahəyə investisiya qoyuluşları yönəldilməlidir.
Bazar münasibətləri şəraitində bu məsələlərin səmərəli həlli üçün iqtisadiyyatın tənzimləmə metodlarından optimal istifadə edilməli, vergi, gömrük və s. sahələrdə həyata keçirilən tədbirlərlə dövlətin qeyri-neft sektorunun inkişafı sahəsində qarşıya qoyduğu məqsədlər əlaqələndirilməlidir. Həmçinin, qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkədə iqtisadi artımın dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qeyri-neft sektorunun inkişaf etdirilməsi zəruriliyi və imkanları məsələləri Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.
İnnovativ inkişafa qədəm qoyan milli iqtisadiyyat
Uğurla həyata keçirilən islahatların nəticəsi olaraq, son illərdə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, ölkədə rəqabətə davamlı məhsulların istehsalını artırmaq məqsədi ilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir. Azərbaycanın rəqabətə davamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensialı var. Dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Ölkəmizin müxtəlif yerlərində yaradılan sənaye parkları, istixanalar bol məhsulun yetişdirilməsində böyük rol oynayırlar. Dövlət gələcəkdə həm daxili tələbatın yerli istehsalla təmin edilməsi, eyni zamanda çox böyük ixrac imkanlarının yaranması üçün kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin edir.
Dövlətin dəstəyilə həyata keçiriləcək bu tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı dövlətlərin əmtəələrilə rəqabətə girəcək, "Made in Azerbaijan" brendi dünya bazarlarında xüsusi yer tutacaq. Bu da, əlbəttə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, ölkəmizə əlavə valyutanın daxil olmasına, yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
Mamed Bağırov
Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.