Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Cənab Prezident qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlamış, bu məsələlərə qayğı ilə yanaşmış və onların həlli ilə bağlı zəruri tədbirlər görmüşdür. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.
Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 1 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Həmin kontingent 1.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq. Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün Cənab Prezidentə təqdim edəcək.
Məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə Möhtərəm Prezidentimizin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Atılan addımlar, dövlət başçısının reallaşdırdığı layihələr, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin, ümumiyyətlə, xalqımızın sosial təminatı, insanlarımızın sosial rifah halının yaxşılaşdırılması 2017-ci ildə də diqqət mərkəzində olacaq. Hər bir azərbaycanlı əsaslı surətdə aparılan islahatların şahididir. Ölkəmizdə qanunvericilik bazası daha da təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan, hesab edirəm ki, 2017-ci ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək. Prezident İlham Əliyevin məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə gündəlik qayğı və diqqət yetirdiyini və bütün bunları daim öz həyatlarında hiss etdiklərini xüsusi vurğulayan məcburi köçkünlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək, daim dövlətimizin başçısına arxalandıqlarını, Ali Baş Komandan kimi Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, bütün məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacaqlarına əminliklərini bildirirlər.
SAMİR