Edvard Nalbandyan: "Azərbaycanın müttəfiqimizdən silah alması bizim xoşumuza gələ bilməz"
Stoqholm Sülh Problemləri Araşdırmaları Beynəlxalq İnstitutunun dünya ölkələrinin silah alışı ilə bağlı yaydığı növbəti hesabatında silah idxalı baxımından Azərbaycanla Ermənistan arasındakı böyük fərqə toxunulub. Hesabatda qeyd olunur ki, 2012-2016-cı illər ərzində Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə keçib.
SIPRI, hesabatında yazır ki, Azərbaycan son illər davamlı olaraq Rusiyadan silah alan ölkələr sırasında yer alıb. "Bakı ortalama olaraq Rusiyada istehsal olunmuş silah və hərbi texnikaların 4%-ni əldə edir"-deyə sözügedən hesabatda bildirilir. Qeyd olunur ki, 2012-2016-cı illərdə, bu sahədə nəhəng ixracatçılar kimi, ABŞ və Rusiya öz liderik mövqelərini qoruyub-saxlamaqdadır.
Bununla ABŞ, Rusiya, Çin, Fransa və Almaniya kimi nəhəng silah ixracatçılarının hesablarına ümumi silah satışı üzrə 74% gəlir əldə edilib ki, onlardan 56%-i ABŞ və Rusiyanın hesabına yazılıb.
Erməni nazir Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsi üçün tam hazır vəziyyətdə olduğunu dolayısı ilə etiraf edir
Bu arada Ermənistan rəhbərliyi Azərbaycanın güclü silah potensialına sahib olmasından ciddi təlaş keçirdiyini gizlətmir. SİA-nın məlumatına görə, Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Rusiyanın RİA "Novosti" saytına müsahibəsində bu barədə bildirib ki, Azərbaycanın Rusiyadan silah alması Ermənistanı narahat edir.
Qeyd edək ki, Rusiya KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin yanvar ayında Davos Beynəlxalq İqtisadi Forumundakı bəyanatını xatırladaraq yazır ki, Bakı Moskva ilə yeni silah təchizatı ilə bağlı danışıqlar aparır və yeni müdafiə sistemlərinin əldə edilməsində maraqlıdır.
"Əlbəttə, Azərbaycanın müttəfiqimizdən silah alması bizim xoşumuza gələ bilməz"-deyə təlaşını gizlədə bilməyən erməni nazir Rusiyanı ittiham etməyi də unutmayıb və Rusiyanın Minsk Qrupunun üzvü olduğunu xatırladıb.
Nalbandyan özü də öz sözlərinə inanmayaraq, "gücərin balansını" qorumaq üçün çaba göstərdiklərini desə də, aprel müharibəsindən də yan keçməyib və siyasi həyazıslıq nümayiş etdirərək bildirib ki, guya "Ermənistan heç bir normaları pozmur və yeni müharibənin başlanmasında maraqlı deyil".
Fakt budur ki, erməni nazir Azərbaycanın güclü silah və hərbi-texniki cəhətdən Ermənistanı dəfələrlə üstələməsindən kifayət qədər çox narahat olduğunu gizlətmir, eləcə də, bu vasitə ilə Azərbaycanın işğal altında qalan torpaqlarının azad edilməsi üçün tam hazır vəziyyətdə olduğunu dolayısı ilə etiraf edir.
Rövşən NURƏDDİNOĞLU