PDF Oxu

Siyasət

  • 746

Daşkəsən rayonu inkişaf yolunda

Daşkəsən rayonu inkişaf yolunda

Rayonda 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

Dünən Daşkəsən rayonunda 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları, öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, sonra rayon icra hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başlamışdır.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2016-cı ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunubdur: "2016-cı ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən 2,9 faiz çox olubdur. Rayon üzrə 2016-cı ildə 877-si daimi olmaqla, 972 yeni iş yeri açılıbdır, 500 nəfər rayon ərazisində mövsümi təmir-tikinti işlərinə cəlb edilibdir. Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 321 məcburi köçkün ailəsi (976 nəfər) yerləşir. Onlara, bir qayda olaraq, daim qayğı və diqqət göstərilir".

Ə.Abıyev ötən il ərzində tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri ilə də bağlı məlumat verərək bildirib ki, "Alunit" İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kV-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi başa çatdırılaraq istifadəyə verilibdir.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı işlərin görüldəüyünü deyən Ə.Abıyev bildirib ki, rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir: "Ötən ildə, ümumilikdə, 2178 hektar torpaq sahəsində kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bundan 1232 hektar kartof, 641 hektar buğda, 41 hektar arpa, 101 hektar tərəvəz, 55,2 hektar lobya, 45 hektar sahədə çoxillik otlar və digər əkin sahələri təşkil etmiş, cari ilin məhsulu üçün 740 hektar sahədə taxıl səpilibdir. "Arıçılıq haqqında" qanunun tələblərinə uyğun olaraq, rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin və imkanların mövcud olması nəzərə alınaraq 2016-cı il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilir. Hazırda rayon ərazisində 4867 arı ailəsi vardır".

Ə.Abıyev çıxışında onu da bildirdi ki, Daşkəsən filizi ilşə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulaması bizi fərəhləndirir: "Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz, sadəcə olaraq, xammal kimi xaricə satılır. Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq".

Rayon rəhbəri yol-təmir işləri ilə bağlı bildirib ki, 3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilmişdir: "Eyni zamanda, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilibdir. Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 6 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Hesabat ilində rayonun Zağalı kəndində 90, Qazaxyolçular kəndində isə 68 abonent təbii qazla təmin olunmuş, Qaraqollar kəndində isə abonentlərin təbii qazla təmin olunmaları üçün işlər davam etdirilir. Həmin işlərin sürətləndirilməsi olduqca vacibdir. Qaz Xidmət Sahəsi üzrə 2016-cı il ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 94,6%, ümumi ödəmə üzrə isə göstərici 88,8% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.

Daşkəsən rayon Sukanal İdarəsi üzrə 2016-cı il ərzində müəyyən işlər görülmüşdür".

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Tədbirdə, həmçinin, Milli Məclisin üzvü Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış ediblər.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunubdur.

R.KAMALQIZI

Digər xəbərlər