Bu mövzuda Nizami rayonunda Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Dünən Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı, "İki sahil" qəzetinin və "Bakcell" şirkətinin dəstəyi ilə 32 saylı orta məktəbdə "Xocalı Soyqırımı: 25 il yaddaşımızda" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə eyniadlı mövzuda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar. Sonra işini akt zalında davam etdirən tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov Xocalı Soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında qeyd edib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı Soyqırımından 25 il keçir: "Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər".
Tədbirdə Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı və başqaları bildiriblər ki, ermənilər Xocalıda qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla qadın-uşaq demədən, kütləvi qırğın törədiblər.
Anım mərasimində "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsininin müdiri Məhəbbət Vəliyeva, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş, milli qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov da soyqırımı ilə bağlı xatirələrini danışıblar.
Çıxışlardan sonra rayon məktəbliləri arasında elan edilmiş "Xocalı Soyqırımı: 25 il yaddaşımızda" mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Keçirilmiş müsabiqələrdən söz açan YAP Nizami rayon təşkilatının aparat rəhbərti Ramil Vəlibəyov bildirib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, yaradıcılıq potensiallarını üzə çıxarmağa çalışırıq: "Fevral ayının 15-də yekunlaşan müsabiqəyə iki dildə, ümumilikdə, 20-dən artıq məktəbdən 30 inşa və 25 rəsm əsəri daxil olub. Yaradılmış komissiya tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müsabiqənin qalibləri müəyyənləşdirilibdir".
Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Daha sonra 32 saylı orta məktəbin kollektivinin rayon Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı "Dağın ətəyində bir yaşıl kənd var idi" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
R.HÜSEYNOVA