PDF Oxu

Siyasət

  • 149

24 İL: ZƏNGİN TARİXİ YOL

24 İL: ZƏNGİN TARİXİ YOL

YAP Səbail rayon rayon təşkilatının yaranmasının 24-cü ildönümünə həsr olunan tədbir keçirilib

Dünən YAP Səbail rayon rayon təşkilatının yaranmasının 24-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında, xalqımızın müstəqilliyin itirilməsi təhlükəsindən xilas olunmasında və respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında rolunu yüksək qiymətləndirib.

Ş.Hacıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək, mühüm nailiyyətlər qazandığını vurğulayaraq, bu uğurlarda üzvlərinin sayının 700 minə çatan YAP-ın mühüm rol oynadığını söyləyib: "Bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən qüdrətli partiyasıdır. Partiyanın avanqard qüvvələrindən olan YAP Səbail rayon təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər".

Ş.Hacıyev, ötən il ölkəmizin həyatında ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi referendumun önəmini qeyd edib və bu prosesdə YAP-ın, o cümlədən, Səbail rayon təşkilatının da fəal iştirak etdiyini vurğulayıb.

Sonra YAP Səbail rayon təşkilatının ötənilki fəaliyyətinin yekunlarını əks etdirən təqdimat nümayiş olunub.

Görüşdə Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova 24-cü ildönümlərini qazandıqları uğurları ilə qeyd edən təşkilat üzvlərini təbrik edərək, onlara qarşıdakı illərdə də nailiyyətlər arzuladı: "Siyasi fəaliyyətdə əhəmiyyətsiz məqam olmur. Seyr etdiyimiz video-çarx YAP Səbail rayon təşkilatının uğur salnaməsi kimi dəyərləndirildi. Sürət əsrində yaşadığımız üçün 24 il az müddət deyil. Göründüyü kimi, təşkilatın bütün üzvləri vaxtı səmərəli qiymətləndirərək ölkənin siyasi-iqtisadi həyatında fəal iştirak etmişlər. Partiyanın Mərkəzi Aparatının tədbirlərində, siyasi kampaniyalarda iştirak etməklə, Azərbaycanın qüdrətlənməsi naminə fədakarlıq göstərən bütün səbailliləri təbrik edirəm".

Təşkilatın ötən 24 ildəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan B.Muradova bildirib ki, YAP-ın bütün üzvlərinin partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafı prosesinə mühüm töhfə verirlər. B.Muradova, eyni zamanda, hazırda YAP-ın bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirildiyini, partiyaya yeni nəfəs gəldiyini deyərək, əldə olunan uğurlarda partiyanın veteranlarının mühüm rolunu qeyd edib, qarşıdakı illərdə təşkilatın üzvlərinə uğurlar arzulayıb.

Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibətilə təşkilatın üzvlərini təbrik edib. YAP-ın regionda ən böyük və qüdrətli siyasi qüvvəyə çevrildiyini vurğulayan E.Əzizov partiyaya yeni üzvlərin, xüsusən, gənclərin cəlb olunması istiqamətində geniş təbliğat işinin aparılmasının vacibliyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə digər çıxışlarda da YAP Səbail rayon təşkilatının ötən ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

Sonda hesabat məruzəsi səsə qoyularaq təsdiq edilib.

R.HÜSEYNOVA

Digər xəbərlər