"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsində səbəb qoşunların təmas xəttində yarana biləcək gərginliyin qarşısını alınmasıdır. Moskva qoşunların təmas xəttində gərginliyin yaranacağını, eləcə də Azərbaycanın yeni taktika seçdiyini hiss edir". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu Moskvada başlanan Qarabağ müzakirələrini şərh edərkən deyib. Politoloq bildirib ki, Moskva danışıqlarının həyata keçirilməsinin digər səbəbi ATƏT-in İrəvan ofisinin Azərbaycandakı fəaliyyətini yenidən bərpa etməkdir: "Bilirsiniz ki, ötən ilin dekabr ayının əvvəllərində Azərbaycan ATƏT-in İrəvan ofisinin ölkəmizdəki fəaliyyətinə icazə vermədi. Ölkəmiz ATƏT-in İrəvan ofisinin nizamnamədə nəzərdə tutulmayan işlə məşğul olduğunu əsaslandırsa da, bu məsələ Rusiya ilə bərabər Ermənistanı da narahat edir. Hətta Rusiyanın XİN başçısı Lavrov izahatında ofisin rəhbərinin Rusiya vətəndaşı olduğunu da bildirdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın ATƏT-in İrəvan ofisinin fəaliyyətinin dayandırılmasında həyata keçirdiyi yeni diplomatik yanaşma Rusiyanı məsələnin həllində aktivləşməyə sövq edib. Qonşu ölkə bilir ki Azərbaycan Ermənistan təzyiq etmək üçün istənilən variant tapa bilər ki, burada hərbi variant istisna deyil. Rusiya həmçinin anlayır ki, Ermənistan hərbi təxribata getsə, ağır cavab alacaq. Buna görə də, Lavrov Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşün təşkil etmək istəyir. Bu görüş baş tutduqdan sonra Ermənistan prezidenti Sarkisyanın da Moskvaya səfəri razılaşdırılıb".M. Əhmədoğlunun sözlərinə görə, Rusiya danışıqlara razılıq verməyən tərəfin Ermənistan olduğunu yaxşı bilir: "Bu baxımdan Rusiyanın məqsədi münaqişənin həllində aktivləşmək, prezidentlərin üçtərəfli formatda görüşünü təşkil edərək Sankt-Peterburqda əldə olunan razılaşmaları davam etdirməkdir. Əgər Ermənistan Sankt -Peterburqda əldə olunan razılaşmaları davam etdirsə, o zaman nəticə əldə olunacaq. Artıq beynəlxalq təzyiqlər nəticəsində Ermənistanın mövqeyində dəyişikliklər hiss olunur. Bu baxımdan Dağlıq Qarabağın praktik həlli mərhələsi başlanmalıdır. İlkin növbədə ya Dağlıq Qarabağ ətrafı rayonlar işğaldan azad olunmalı və ya da statusu müəyyənləşməlidir. Hər şey Rusiyanın təzyiqindən asılıdır.
sia.az