"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfərində əsas məqsəd cəbhənin Ağdam və Tərtər bölgəsində yaranmış gərginliklə daha çox bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, uzun müddətdir həmin bölgədə erməni qoşun birləşmələrinin yerdəyişməsi, bölgəyə daha çox artileriya və ağır texnikanın yeridilməsi müşahidə olunmaqdaır. Azərbaycan tərəfi bu müşahidələrini Ermənistanın yeni təxribatlara hazırlanması kimi dəyərləndirir. Ermənistan mətbuatının aprel hadisələri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqları yenidən ala biləcəyi haqqında məlumatlar yayması da Azərbaycan tərəfinin şübhələrini artırır. Belə bir şəraitdə Azərbaycan da əks tədbirlər görür. Ölkəmiz cəbhənin təmas xətti boyunca qoşun birləşmələrinin toplanması prosesini artırır, bölgəyə daha müasir silahlar gətirir və erməni təxribatının qarşısını almaq üçün təsirli tədbirlər görür".
Politoloq əlavə edib ki, aprelin 22-dən müdafiə naziri başda olmaqla nazirliyin bütün generalları cəbhə bölgəsinə ezam olunub: "Məqsəd döyüş birliklərinə baxış keçirmək və onların hazırlıq vəziyyətini yoxlamaqdır. Bundan başqa, son vaxtlar ermənilər bir neçə dəfə təxribatçı qruplarla təmas xəttini keçməyə cəhd ediblər və onların bu cəhdləri hər dəfə uğursuz olub. Azərbaycan ordusu tərəfindən məhv edilib. Bütün bunlar onu göstərir ki, ermənilər atəşkəs rejimini pozmağa və cəbhədə hansısa bir "uğur" əldə etməyə çalışırlar. Onlar aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbəsindən sonra Ermənistan cəmiyyətində yaşanan ruh düşkünlüyünün aradan qaldırmağa cəhd göstərirlər. Eyni zamanda apreldə keçiriləcək seçkilər də Sarkisyan üçün çox vacibdir. Azərbaycan ordusunun ruh yüksəkliyi isə ermənilərdə vahimə yaradır və bunu ordumuzun hücuma keçəcəyi şəklində qiymətləndirirlər. Ona görə də yalançı danışıqlar prosesinin başladılması kimi tezisi Lavrovun köməyi ilə dövriyyə buraxırlar. "Biz danışıqlara hazırıq, Rusiya da sülh danışıqlarına dəstək verir" və s. fikirlər səsləndirirlər. Yəni ermənilər bütün bunlardan qorxudan, eyni zamanda törərmək istədikləri təxribatı maskalamaq üçün istifadə edirlər. Amma bu yalançı cəhlər əbəsdir. Ermənistan az da olsa bölgədə hərbi fəallıq göstərsə, Azərbaycan ordusu onlara sarsıdıcı zərbələr endirəcək".
sia.az