"Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin pisləşməsinin bir neçə səbəbi var". Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, birinci səbəb bundan ibarətdir ki, ermənilər təmas xəttini əbədiləşdirmək və oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etmək istəyirlər: "Bu, onlara imkan verəcək ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər. Yəni təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan həmin planı rədd edib və əvvəlcə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildirib. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər, əks halda Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil".
Politoloq bildirib ki, ikinci səbəb Ermənistanda keçiriləcək seçkidir: "Bu seçkiyə Serj Sarkisyanın komandası məğlub şəkildə qoşulub. Sarkisyan hakimiyyəti xalqa iqtisadi baxımdan hansısa bir müsbət nəticələr təqdim edə bilmir. Nəzərə alınsa ki, aprel döyüşlərindən də ermənilər məğlub çıxıb, ona görə indi çalışırlar ki, hansısa bir üstünlük qazansınlar. İmkan olsa, yenidən itirdikləri mövqeləri qaytarsınlar, Azərbaycana mümkün qədər zərər verməklə öz əhalisinə bir bir az əhval ruhiyyə versin".
R.Musabəyov hesab edir ki, hazırda cəbhədə davam edən gərginliyi aprel döyüşləri ilə eyniləşdirmək olmaz: "Amma toqquşmalar aprel döyüşləri istiqamətində irəliləyə və daha da şiddətlənə bilər".
Politoloq ermənilərin "İskəndər" silahından istifadə edə bilməsinə də toxunub. Onun sözlərinə görə, ermənilər Azərbaycanın hansısa bir obyektini cəbhə xəttindən uzaqlığda vurduğu halda, eyni cavabı alacağını yaxşı anlayır: "Yəni həm Naxçıvandan, həm Qazaxdan ermənilərin istənilən obyekti vurula bilər. Sadəcə olaraq məqsədləri qorxu yaradıb, öz insanlarına bir az ruh verməkdir. "İskəndəri"in istifadəsi real deyil. Onlar bu məsələdə yarım addım atsalar, Azərbaycanın cavab addımlarını çox yaxşı dərk edirlər".
sia.az